Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Andjey Duda: Polşa Trans-Xəzər daşımalar dəhlizlərində iştirak etməkdə maraqlıdır

Andjey Duda: Polşa Trans-Xəzər daşımalar dəhlizlərində iştirak etməkdə maraqlıdır

Tarix: 31 May 2019 18:39

Bakı. Trend:

Polşa Trans-Xəzər daşımalar dəhlizlərində iştirak etməkdə maraqlıdır.

Trend-in məlumatına görə, bunu Polşa Prezidenti Andjey Duda Prezident İlham Əliyevlə birgə iştirak etdiyi Azərbaycan-Polşa biznes forumunda çıxışı zamanı deyib.

Andjey Duda bildirib: "Cənab Prezident, ilk növbədə, Sizə dərin təşəkkürümü bildirirəm. Biz Azərbaycanın bu sahədəki qurumlarına təşəkkürümüzü bildiririk ki, onlar bu biznes forumu bizim üçün təşkil etdilər, tikinti sahəsində və digər sahələrdə çalışan Azərbaycan və Polşa şirkətlərini bir araya gətirdilər.

Son illər ərzində, ümumiyyətlə, bizim münasibətlərimiz çox intensivləşmişdir. Azərbaycan Cənubi Qafqaz regionunun lider ölkəsidir və Polşa şirkətləri üçün çox cəlbedici bir məkandır. Polşa tərəfi Azərbaycan ilə Avropa İttifaqı arasında bu sahədəki tərəfdaşlığın dərinləşməsində maraqlıdır. Biz Avropa İttifaqının fəal üzvüyük. Qeyd etmək istəyirik ki, biz məhz Azərbaycan ilə Avropa İttifaqı arasında əhatəli əməkdaşlıq sazişinin imzalanmasında olduqca maraqlıyıq.

Bu gün Polşa ilə Azərbaycan arasında bir sıra razılaşmalar imzalandı. Bu da əslində bizim münasibətlərimizin yeni bir səhifəsini göstərir. Biz Polşa tərəfi olaraq uzun müddətdir Avropa İttifaqının üzvüyük və bu mövqedən çıxış edərək istərdik ki, Avropa İttifaqı öz əməkdaşlıq qapılarını daha geniş açsın və yalnız müttəfiqlər haqqında düşünməsin, həmçinin digər ölkələrlə də əməkdaşlıq imkanlarını genişləndirsin. Biz çox şadıq ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlıq edir. Bununla biz, həmçinin ikitərəfli siyasi və iqtisadi əməkdaşlığımızı da inkişaf etdirmiş oluruq".

Polşa Prezidenti vurğulayıb: "Bu gün iqtisadi təşəbbüslərə gəldikdə, ölkələrimiz arasında olan gündəlik göstərir ki, xalqlarımızın rifahına xidmət edən bir çox layihələr var. Bu sırada nəqliyyat sahəsini, daşımaları qeyd etmək istəyirəm. Həmçinin müxtəlif istiqamətlərdə nəqliyyat dəhlizləri yaradılmışdır. Son illər ərzində Polşa xüsusən də dəniz limanlarına və dəmir yol xətlərinə malik olan dövlətlərlə öz əlaqələrini inkişaf etdirib. Bu baxımdan bizim ölkəmizdə logistika infrastrukturunun yaradılmasına da diqqət yetirilir. İstərdik ki, bu gün biz, həmçinin beynəlxalq hava limanları vasitəsilə bu sahədəki mübadilələri daha da artıraq. Biz ölkəmizdə bunu yaradırıq. Ölkəmizin coğrafi mövqeyindən istifadə edərək, biz yaxşı anlayırıq ki, bununla bağlı bir sıra üstünlüklər var və bu üstünlüklərdən istifadə olunmalıdır. Xüsusən də Şimal ilə Cənub, Qərb ilə Şərq, Avropa ilə Asiya arasında multimodal daşımalar əməliyyatları artmalıdır. Qeyd etmək istəyirəm ki, Polşa, həmçinin Trans-Xəzər daşımalar dəhlizlərində də iştirak etməkdə maraqlıdır. Biz, həmçinin istərdik ki, Avropanın cənub-qərb hissəsində öz əlaqələrimizi daha da genişləndirək.

Azərbaycan bu gün geniş imkanlara malik olan ölkədir və bilirik ki, böyük layihələr həyata keçirməkdədir. Azərbaycan, həmçinin Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmuşdur. Bunun sayəsində Çinə və Hindistana ticarət marşrutları daha da qısalacaqdır. Bu baxımdan istərdik ki, Polşa şirkətləri Azərbaycanda daha geniş şəkildə fəaliyyət göstərsinlər. İstərdik ki, Polşada da Azərbaycan şirkətləri daha geniş şəkildə çalışsınlar və məhsulların ixrac-idxalı ilə məşğul olsunlar.

Qeyd etmək istəyirəm ki, biz son illər ərzində ticarət dövriyyəsində 600 milyon dollara yaxın imkanlar əldə etmişik. Bu da, həmçinin bizim ümumi daxili məhsulumuzun artımından xəbər verir. İstərdik ki, ölkələrimiz arasında ticarət mübadilələri daha da artsın. Təbii ki, bizim ötən il ərzində geniş şəkildə artan ticarət dövriyyəsi buna yaxşı misaldır. Çünki həm Azərbaycan məhsulları Polşada, həm də Polşa məhsulları Azərbaycanda təşviq olunur.

Cənab Prezident, hörmətli iştirakçılar, ümid edirəm ki, bu gün hər iki ölkənin biznes qurumları arasında imzalanacaq sazişlər bizim təmaslarımızı daha da gücləndirəcək və yaxın gələcəkdə ticarət dövriyyəmizi artıracaq. Təbii ki, iqtisadi və ticari münasibətlərimizin genişləndirilməsi baxımından, həmçinin istərdik ki, bizim xarici ticarət üzrə qurumumuz Bakıda daha geniş şəkildə fəaliyyət göstərsin və sizin də müvafiq strukturlarınız bizə qoşulsun.

Cənab Prezident, keçirdiyimiz görüşlərə, aparılmış məhsuldar fikir mübadiləsinə görə Sizə təşəkkürümü bildirirəm. İstərdim ki, ölkələrimiz bu iqtisadi faydalardan yararlansın və bundan sonra da biz Azərbaycanın və Polşanın maraqlarına xidmət edən layihələri birgə həyata keçirək".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Andjey Duda Polşa Trans Xəzər daşımalar dəhlizlərində iştirak etməkdə maraqlıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ