Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 20:28
2020-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 85 ölkəyə məhsul ixrac olunub, 136 ölkədən idxal olunub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 4 milyard 883,0 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 3 milyard 95,9 milyon dollarını və ya 63,4 faizini ölkədən ixrac olunmuş məhsulların, 1 milyard 787,1 milyon dollarını (36,6 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1 milyard 308,8 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,3 faiz, real ifadədə 14,8 faiz, o cümlədən idxal 34,5 faiz, ixrac isə 1,0 faiz azalıb.
2020-ci ilin yanvar-fevral aylarında qeyri neft-qaz məhsullarının ixracı 2019-cu ilin yanvar-fevral aylarına nisbətən faktiki qiymətlərlə 5,2 faiz artıb, real ifadədə isə 3,4 faiz azalaraq 295,8 milyon dollar təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 45,9 faizini İtaliyaya, 9,6 faizini Türkiyəyə, 6,7 faizini İsrailə, 4,6 faizini Yunanıstana, 3,7 faizini Tunisə, 3,2 faizini Çexiyaya, 2,9 faizini Almaniyaya, hər biri 2,8 faiz olmaqla Rusiya və Gürcüstana, 2,7 faizini Ukraynaya, 2,0 faizini Çinə, 1,8 faizini Portuqaliyaya, 11,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (29,8 faiz), Türkiyəyə (25,5 faiz), Gürcüstana (11,8 faiz), İsveçrəyə (9,7 faiz), Çinə (2,6 faiz), İtaliyaya (2,1 faiz), Ukraynaya (1,9 faiz), İrana (1,9 faiz), Qazaxıstana (1,9 faiz), Yunanıstana (1,4 faiz), Almaniyaya (1,3 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,7 faizi Çin, 14,3 faizi Rusiya, 14,0 faizi ABŞ, 13,2 faizi Türkiyə, 5,3 faizi Almaniya, 4,6 faizi İtaliya, 3,4 faizi Ukrayna, 2,9 faizi İran, hər biri 2,2 faiz olmaqla Türkmənistan və Birləşmiş Krallıq, hər biri 1,9 faiz olmaqla Koreya və Yaponiya, 1,3 faizi Fransa, 18,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.