Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 17:20
ATV-nin "Bizimləsən" proqramına skaypla qatılan ekstrasens Zirəddin Rzayevin görüntüsünün altında "klinik psixoloq" yazısını əks etdirən foto sosial şəbəkələrdə böyük müzakirə yaradıb. Həmişə öncəgörücü, ekstrasens kimi təqdim edilən bu adamın birdən-birə klinik psixoloq kimi üzə çıxması tamaşaçıları təəccübləndirib. Maraqlı məqam da budur ki, aparıcı Zaur Baxşəliyev klinik psixoloq kimi təqdim etdiyi müsahibinə sırf öncəgörücünün cavablandıra biləcəyi sualları ünvanlayıb, qarşı tərəf də bu sualları öncəgörücü kimi cavablandırıb.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, Zirəddin Rzayevin efirdə klinik psixoloq kimi təqdim edilməsi ziyalı təbəqənin etirazına səbəb olub.
Tanınmış həkim-nevroloq, Avropa Nevroloji Akademiyanın həqiqi üzvü Qalib Əsədov da müzakirələrə biganə qalmayıb. O, bu kimi halları elm adına biabırçılıq adlandırıb:
"Psixologiya kifayət qədər ciddi bir elm sahəsidir. Klinik psixologiya isə bu elmin ən çətin bölmələrindən biridir. Efirdə belə təqdimat nəinki psixologiyanın, ümumiyyətlə, elmin ucuzlaşması, gözdən salınmasına xidmət edir. Bu, sadəcə biabırçılıqdır!"
Onu da qeyd edək ki, Zirəddin Rzayevin rəsmi saytında avtobioqrafiya bölümündə 2009-cu ildə Rusiyanın paytaxtı Moskvada yerləşən Psixoterapiya və Klinik Psixologiya institutunda "Klinik psixoloq" ixtisasına yiyələndiyi qeyd olunub.