Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dövlət tərəfindən edilən vergi və sosial sığorta üzrə güzəştlər və tətillər sahibkarlıq subyektlərinin yükünü azaldacaq''

''Dövlət tərəfindən edilən vergi və sosial sığorta üzrə güzəştlər və tətillər sahibkarlıq subyektlərinin yükünü azaldacaq''

Tarix: 28 Aprel 2020 10:16

Sahibkarlıq subyektlərinin əvvəlki tempinə qayıtması üçün müəyyən dövr ərzində dövlət tərəfindən vergi güzəştlərinə və tətillərinə ehtiyacı var.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında iqtisadçı ekspert Anar Bayramov deyib.

Onun sözlərinə görə, dünyanın bir çox dövlətlərinin virusun geniş yayılmaması üçün iş yerlərini, əhalinin daha sıx toplaşdığı əraziləri bağlaması, qarşılıqlı əlaqələri kəsməsi bütün iqtisadi sferalarda inkişafın sürət tempini aşağı salıb:

"Bunun məntiqi nəticəsi kimi, dünyada enerji və səhm bazarı üzrə böyük bir çöküş yaşandı. Təəssüflər olsun ki, dünyada baş verən bu xoşagəlməz proseslər ölkəmizdən də yan keçmədi. Lakin Azərbaycan dövləti öz əhalisinin sağlamlığını iqtisadi mənafeyindən üstün tutaraq bir sıra təxirəsalınmaz, profilaktik tədbirlər həyata keçirdi. İlkin mərhələdə əhalinin daha həssas təbəqəsi olan işsiz əhaliyə müəyyən maliyyə yardımı ayırıldı".

Ekspert bildirib ki, dövlət daha sonra iqtisadi inkişafın dayanıqlığını təmin etmək məqsədilə pandemiya dövründə sahibkarlara işçilərin əmək haqqlarının ödənilməsi və bir sıra xərclərini qarşılaması üçün dəymiş zərərin əvəzinə müəyyən miqdarda maliyyə yardımı etdi:

"Məlumdur ki, uzun müddət davam edən iqtisadi inkişaf tempi qısa müddət ərzində dayandıqda, onun yenidən bərpası müəyyən enerji, vaxt, maliyyə yardımı tələb edir. Bir çox iqtisadi sahələr var ki, onlara dövlət tərəfindən edilən bu cür yardımlar belə onların fəaliyyətlərini yenidən əvvəlki temp ilə davam etdirmək üçün yetərli olmur. Həmin sahibkarlıq subyektlərinin əvvəlki tempinə qayıtması üçün müəyyən dövr ərzində dövlət tərəfindən vergi güzəştlərinə və tətillərinə ehtiyacı var. Bütün bunları nəzərə alaraq, Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi nəzərdə tutulur".

A.Bayramov qeyd edib ki, bununla əlaqədar, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı vergi və sosial qanunvericiliyə ediləcək əsas dəyişikliklər layihəsi hazırlanıb:

"Layihədə həm sosial sığorta ödənişləri üzrə güzəştlər, həm də idxal zamanı bəzi məhsulların ƏDV-dən azad edilməsi, kənd təsərrüfatında çalışanların sosial sığorta ödənişlərinin azaldılması, sabit qəbz ilə çalışan ofisiantlar, fərdi qaydada fəaliyyət göstərən bərbərlər, dərzilər, çəkməçilər və fərqlənmə nişanı ilə sərnişindaşıma (o cümlədən taksi fəaliyyəti) fəaliyyəti göstərən şəxslər üçün sosial sığorta məbləğinin daha az ödənilməsi, vergi ödənişləri üçün son tarixin uzadılması, bəzi məhsulların idxalının və satışının ƏDV-dən azad edilməsi, vaxtında ödənilməmiş vergi və sosial sığorta haqqlarına görə faizlərin hesablanmasının müəyyən müddətədək təxirə salınması, bəzi vergi dərəcələrinin əhəmiyyətli dərəcədə aşağı salınması, əmlak və torpaq vergiləri üzrə azadolmalar nəzərdə tutulur".

A.Bayramov deyib ki, pandemiyanın təsirlərinə məruz qalan sahələri üç hissəyə bölmək olar:

"Bunlardan birincisi, pandemiyanın təsirlərindən birbaşa zərər görən sahələrdir. Bunlar ictimai iaşə xidməti, otel, mehmanxana və mehmanxana tipli digər obyektlərin fəaliyyəti, turoperator və turagent fəaliyyəti, sərnişindaşıma fəaliyyəti, tədris mərkəzləri, əyləncə mərkəzləri və sairdir. Bu fəaliyyət sahələri ilə məşğul olan şəxslərə pandemiya ilə mübarizə dövründə fəaliyyət göstərmək qadağan edilib və bu sahələr pandemiyanın təsirlərindən birbaşa zərər görüblər. Tədbirlər Planında bu sahələrə vergi güzəştlərinin və tətillərinin verilməsi daha geniş yer alıb".

Ekspert vurğulayıb ki, bunlardan ikincisi, pandemiyanın təsirlərindən dolayısı ilə zərər görən sahələrdir:

"Bunlar tikinti materiallarının satışı, mebel istehsalı və təmir, avtomobillərin, məişət avadanlıqlarının təmiri, tərcümə, dizayn xidmətləri və sair obyektlərdir. Bu fəaliyyət sahələri ilə məşğul olan şəxslərə pandemiya ilə mübarizə dövründə fəaliyyət göstərmək qadağan edilməyib. Lakin ölkədə olan iqtisadi durğunluq, əhalinin həyati zəruri məhsullardan başqa adıçəkilən mallara və xidmətlərə ehtiyacının az olması və ya heç olmaması həmin sahələrin fəaliyyətinə mənfi təsir göstərib və həmin sahələr də zərərlə üzləşib. Tədbirlər Planında bu sahələrə vergi güzəştlərinin və tətillərinin verilməsi də nəzərdə tutulub".

İqtisadçı əlavə edib ki, bunlardan üçüncüsü pandemiyanın təsirlərindən zərər görməyən sahələrdir. Bunlar ərzaq məhsullarının pərakəndə və topdan satışını həyata keçirən mağazalar, supermarketlər şəbəkəsi, dezinfeksiya xidmətləri fəaliyyəti ilə məşğul olan şəxslər, dərman preparatlarının, tibbi avadanlıqların, ləvazimatların satışını həyata keçirən şəxslərdir:

"Bu fəaliyyət sahələri ilə məşğul olan şəxslər pandemiya ilə mübarizə dövründə zərərlə üzləşməyib, hətta bəzi sahələr başqa dövrlərlə müqayisədə daha çox gəlir əldə ediblər. Tədbirlər Planında bu sahələrdə fəaliyyət göstərən şəxslər üçün elə də geniş vergi güzəştləri və tətilləri nəzərdə tutulmasa da, koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində zəruri olan tibbi avadanlıqlar və tibbi aksesuarlar, habelə əhalinin ərzaq ehtiyaclarının təmin edilməsi ilə bağlı bəzi ərzaq növlərinin, o cümlədən uşaqlar üçün qida məhsullarının idxalı və satışının müddətli olaraq ƏDV-dən azad olunması nəzərdə tutulur".

İqtisadçı ekspert qeyd edib ki, dövlət tərəfindən edilən vergi və sosial sığorta üzrə bu güzəştlər və tətillər sahibkarlıq subyektlərinin yükünü azaldacaq. Bununla birlikdə, onlar əllərində olan maliyyə vəsaitlərini daha səmərəli istifadə etməklə öz sahibkarlıq fəaliyyətlərinin inkişafına yönəldəcəklər.


Etiketlər:  Dövlət tərəfindən edilən vergi sosial sığorta üzrə güzəştlər tətillər sahibkarlıq subyektlərinin yükünü azaldacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ