Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2020 19:38
"Azərbaycan Prezidenti İlham Əliyev "Yeni klinika"nın açılışında xalqımıza səslənərək "Biz birlikdə güclüyük" çağırışını edib. Dövlətimizin başçısı qeyd edib ki, koronavirus pandemiyası ölkənin iqtisadiyyatına ciddi ziyan vurur, amma bizim üçün ən ümdə məsələ insanların sağlamlığıdır. Gördüyümüz kimi, Prezident vətəndaşların sağlamlığına böyük önəm verir və bununla bağlı qətiyyətli addımlar atır. Bunun qarşılığında hər bir vətəndaşımız öz məsuliyyətini dərk etməli, özünün, ailə üzvlərinin, yaxınlarının və ən əsası, cəmiyyətin sağlamlığı üçün özünütəcrid, sanitariya qaydalarına əməl etməlidir. Dövlətin və xalqın həmrəyliyi bizə koronavirusla mübarizə istiqamətində digər ölkələrə nümunə olmağa imkan verdi. Həmrəyliyimiz, birliyimiz olmasaydı müsbət nəticələr əldə edə bilməzdik".
Sonxeber.net bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söyləyib.
Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan virusun geniş yayıldığı ölkələrdən, hətta inkişaf etmiş Avropa ölkələrindən belə fərqləndi. Həmin ölkələrdə iqtisadiyyat və səhiyyə böhranının yaşandığını diqqətə çatdıran deputat bildirib ki, statistikaya görə, ölkəmizdə yoluxma, ölüm sayı dünyanın əksər ölkələri ilə müqayisədə çox azdır. O, sağalma faizinin də yüksək olmasının çox müsbət hal olduğunu vurğulayıb.
Q.Paşayeva deyib ki, dövlətimiz məhz bu müsbət keyfiyyətləri nəzərə alaraq karantin rejiminin qaydalarının yumşaldılması ilə bağlı qərar verdi. Məqsəd təbii ki, insanların işləyə bilməsi və iqtisadiyyatın dirçəldilməsidir. Əgər hər bir Azərbaycan vətəndaşı üzərinə düşən məsuliyyəti başa düşərək öz vəzifəsini yerinə yetirsə, hökumət addım-addım və uğurla yumşaldılma prosesinə davam edə bilər. Bu səbəbdən indiki vəziyyətdə hər şey insanlara bağlıdır. Yəni məhdudiyyətlər götürülsə belə, insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa yoluxma halları çoxala bilər. Şübhəsiz ki, xəstəliyin dərmanı tapılmayana qədər ikinci, hətta üçüncü dalğanın ola biləcəyi istisna deyil.
"Tibb təhsili almış və uzun müddət Milli Məclisin Səhiyyə komitəsində çalışmış bir insan kimi deyə bilərəm ki, pandemiyanın hansı ayda və yaxud nə vaxt bitəcəyini dünyanın ən güclü tibb mütəxəssisləri və Ümumdünya Səhiyyə Təşkilatı belə cavab verə bilməkdə acizdir. Şükürlər olsun ki, bizdə vəziyyət acınacaqlı deyil. Amma buna baxmayaraq, son dərəcə diqqətli olmalı, gigiyena qaydalarına daha ciddi riayət etməliyik. Maarifləndirici materialların sayı çoxaldılmalı, yeni videoçarxlar hazırlanmalıdır. Bir sözlə, özünütəcrid, "Evdə qal!" kampaniyası davam etdirilməlidir. Riskli yaş qrupuna aid vətəndaşlar özlərini qorumalıdır.
Komitə sədri bir daha vurğulayıb ki, dövlətin atdığı addımlar, o cümlədən özünütəcrid, "Evdə qal" tədbirləri yalnız və yalnız vətəndaşın sağlamlığının qorunması üçündür. O bildirib ki, insanlar SMS vasitəsilə yalnız zəruri hallarda evdən çıxmalıdırlar. Evdən çıxanda da maska və əlcəklərdən istifadə olunmalı, məsafə gözlənilməlidir. Kütləvi toplantılara yol vermək hazırkı vəziyyətdə yolverilməzdir və cəmiyyət üçün təhlükə mənbəyinə çevrilə bilər. "Əgər biz qaydalara əməl etsək, karantin rejiminin mərhələlərlə yumşaldılması mümkündür. Əks təqdirdə qaydalar yenidən sərtləşdirilə bilər. Gəlin, bu şəraitdə bizə nə tövsiyə edilirsə, hamısına əməl edək, qaydalara laqeyd yanaşmayaq. Təhlükə hələ sovuşmayıb və bu təhlükənin azalması da, artması da bizim öz əlimizdədir. Əgər qaydalara əməl edilməsə, yoluxma və ölüm sayı arta bilər. Hazırkı vəziyyətdə hər bir vətəndaş "mən" yox, "biz" deməyə borcludur. Bu, vətəndaş məsuliyyəti deməkdir.
"Mən bu çətin günlərdə əsl qəhrəmanlıq göstərən Azərbaycan həkimlərinə fədakar xidmətlərinə görə təşəkkür edirəm. Həyatını təhlükəyə atan hüquq mühafizə orqanlarının nümayəndələrinə minnətdarlığımı bildirirəm. Biz birlikdə güclüyük!", - deyə Q.Paşayeva bildirib.