Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2020 14:34
Bakının bir sıra ərazilərində sakinlər su problemindən əziyyət çəkdiklərini deyir.
Onlar bu barədə sosial şəbəkələrdə paylaşım ediblər.
Söhbət paytaxtın Nizami və Yasamal rayonlarından gedir.
Nizami rayonu ərazisində yaşayan sakinlər iddia edir ki, ərazidə suyun verilişini əvvəl saat 00:00-dan 03:00-a qədər, sonra isə saat 06:00-dək dayandırdılar:
"Əvvəl suyun təzyiqi azaldı. Heç nə demədik. Amma karantin günlərində gecədən səhərə qədər suyun verilişinin dayandırılmasından narazıyıq".
Yasamal rayonunun Yeni Yasamal yaşayış massivinin sakinləri suyun gün ərzində fasilələrlə verilməsindən narazılıq edir.
Hər iki problemlə bağlı "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq.
Sonxeber.net xəbər verir ki, qurum rəsmisi Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən rayonlarda su problemi yoxdur:
"Nizami rayonu ərazisində gecə saatlarında anbarların doldurulması məqsədilə suyun təzyiqi azaldılır. Ancaq bu, suyun verilişinin dayandırılması mənasına gəlmir.
Bu, növbəti gün ərazilərin içməli su ilə təmin edilməsi üçün atılan addımdır. Əhalinin gündüz saatlarında suya tələbatı gecə saatları ilə müqayisədə, daha çox olduğundan bu şəkildə tənzimləməyə çalışırıq.
Yeni Yasamal ərazisində isə suyun gün ərzində verilişi artırılıb. Əvvəl gün ərzində altı saat yüksək təzyiqlə su verilirdi. İndi isə bu müddət səkkiz saata qaldırılıb".