Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 15:36
Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycanda koronavirusla mübarizə tədbirləri başa çatdırılan kimi Azərbaycan Milli Elmlər Akademiyası sistemində dissertasiya şuraları fəaliyyətlərini davam etdirməyə başlayacaqlar.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, institutlarda artıq dissertasiya şuralarının fəaliyyətinə başlanılıb:
“Prosedura görə, dissertasiya işləri əvvəlcə dissertasiya şuralarında qəbul edilməlidir, ondan sonra müdafiə şurasına təqdim olunan işlər rəy komissiyasına verilir və opponentlər təsdiq edilir. İnstitutlarda dissertasiya şuralarının elmi işlərin müdafiəsi ilə bağlı bir neçə iclası baş tutdu, ancaq pandemiya başladığı üçün dissertasiya şuraları fəaliyyətlərini dayandırmalı oldu. Lakin bu, müvəqqəti xarakter daşıyır”.
İ.Həbibbəyli əlavə edib ki, hazırda karantin rejimi ilə əlaqədar AMEA-nın işçiləri əlavə məzuniyyətdədirlər. AMEA-nın işə gəlməsinə icazə verilən 30 faiz işçi heyəti ilə isə müdafiə şurasının tərkibinin tam şəkildə təşkil edilməsi mümkün olmur:
“Hesab edirəm ki, sosial izolyasiya tədbirlərinin davam etdiyi müddətdə müdafiə şuralarının iclaslarını keçirmək doğru olmazdı. Bu baxımdan ölkəmiz koronavirusla mübarizə tədbirlərini başa çatdıran kimi əsas işlərdən biri AMEA sistemində dissertasiya şuralarının fəaliyyətini davam etdirmək olacaq”.
AMEA-nın birinci vitse-prezidenti qeyd edib ki, əvvəlki dövrdən fərqli olaraq, Ali Attestasiya Komissiyası Dissertasiya şuralarının ayda bir dəfə deyil, iki dəfə dissertasiya işlərinin müdafiəsini təşkil etməyə icazə verir: “Nəzərə alaq ki, hər iclasda iki fəlsəfə doktoru, yaxud bir elmlər doktoru elmi işini müdafiə edə bilər. Ona görə də hesab edirəm ki, 1-2 ay müddətində yaranmış bu məcburi boşluğu bunun hesabına aradan qaldırmaq mümkün olacaq”.