Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 19:06
Bakı. Samir Əli - Trend:
“Hökumətlər tərəfindən COVID-19-a qarşı görülən çevik tədbirlər” mövzusunda ASAN Qlobal Veb Forumunun yekun sessiyası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-əbildiriblər ki, natiqlər BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin (UN DESA) dövlət xidmətləri innovasiyası bölməsinin rəhbəri Con-Mari Kauzya və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli olublar.
Azad Cəfərli dünyanın 25-dən çox ölkə iştirakçısının qoşulduğu forumun pandemiya şəraitində dövlət idarəçiliyi və xidmətlərinin göstərilməsi, sosial innovasiyalar, logistika və s. sahələrdə cari vəziyyətin, perspektivlərin müzakirəsi, təcrübə mübadiləsi ilə əlaqədar beynəlxalq əməkdaşlığa töhfəsini qeyd edib. Diqqətə çatdırılıb ki, yeni innovasiya və informasiya əsrində reallıqların dərk olunnması üçün yeni platforma olan bu forumda əldə olunmuş nəticələr və atılacaq addımlar pandemiyadan sonrakı dövrdə də daha təhlükəsiz dünya quruculuğu üçün əhəmiyyətli rol oynayacaq.
Həmçinin yekun sessiyasında tədbir iştirakçılarına ünvanlanmış şifahi müraciətdə forumun gedişatı, müzakirələr, yekunlar və gələcək əməkdaşlığa olan yanaşmalar, istəklər nəzərə alınaraq mövcud formatın davamlı həyata keçirilməsi və daha geniş rakursdan yenidən mövzuları əhatə etməsi üzrə razılıq ifadə edilib.
ASAN Qlobal Veb Forumun mütəmadi olaraq hər il keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə mayın 14-ü və 15-də “Hökumətlər tərəfindən COVID-19-a qarşı görülən çevik tədbirlər” mövzusunda ASAN Qlobal Veb Forumu keçirilib.
Forumun məqsədi pandemiya dövründə dövlət xidmətlərinin göstərilməsi sahəsində effektivliyi, əlçatanlığı, eyni zamanda pandemiya ilə mübarizə kontekstində və ondan sonrakı dövrdə sosial innovasiyaların, smart həllərin əvəzedilməz rolunu müzakirə etmək olub. Habelə innovativ yanaşmalar və mexanizmlər istiqamətində təcrübə mübadiləsi əsas prioritetlər idi.
Qlobal Veb Forumda Azərbaycan Respublikasının, o cümlədən müxtəlif dövlətlərin, beynəlxalq təşkilatların və şirkətlərin rəhbər şəxsləri, nazirlər, tanınmış ekspertlər iştirak ediblər. İki günlük forum açılış, yekun sessiyalarından və 4 fərqli mövzulu paneldən ibarət olub.