Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2020 17:15
Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında lider dövlətdir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Azərbaycan Prezidenti qeyd edib:
"Sosial sahə daim prioritet sahə olub və mənim əvvəlki illərdə də çıxışlarımda daim bu məsələyə böyük diqqət yetirilib. Xüsusilə son müddət ərzində - keçən il və bu il sosial sahə daha da böyük prioritet kimi gündəlikdə mövcuddur. Təsadüfi deyil ki, ötən il müstəqillik dövründə ən geniş sosial paket təqdim olundu və uğurla icra edildi. Bu sosial paketin əhatə dairəsi çox geniş idi - 4 milyon 200 min insan dövlət tərəfindən sosial paketlə təmin edildi. Bunun içərisində minimum əməkhaqqının təxminən 2 dəfə, minimum pensiyanın 70 faizdən çox qaldırılması məsələləri var idi. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında lider dövlətdir. Müavinətlər qaldırıldı - bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə. Problemli kreditlərlə bağlı məsələ öz həllini tapdı. Yəni, biz bu məqsədlər üçün milyardlarla manat ayırdıq və dediyim kimi, 4,2 milyon insanın güzəranı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı.
Bu ilin əvvəlindən bu meyillər daha da güclənibdir. Minimum əməkhaqqı və orta əməkhaqqının, orta pensiyanın artırılması göz qabağındadır. Nəzərə alsaq ki, manatın məzənnəsi də sabitdir, insanların real gəlirləri artır, inflyasiya aşağı səviyyədədir. Ona görə bu sahədə bu il görülən işlər keçən il görülmüş işlərin məntiqi davamıdır. Bu ilin xüsusiyyəti ondadır ki, biz indi pandemiya dövründə yaşayırıq və pandemiyaya bizim cavabımız çoxşaxəli olmuşdur. O cümlədən sosial təminatla bağlı çox ciddi, operativ və məqsədə hesablanmış addımlar atılmışdır. Artıq sirr deyil ki, dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam ödənildi, özəl sektorda təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənildi. Nəzərə alsaq ki, bu sektorda fəaliyyət göstərən insanlar işsiz qalmışdılar, işsiz vətəndaşların, aztəminatlı təbəqənin, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən insanların sosial təminatı təşkil edildi, hər birinə 190 manat vəsait ayrıldı. Bu kateqoriyadan olan insanların sayı az deyil, 600 mindir. Bu işlərin hamısı əlbəttə ki, böyük maliyyə resursları tələb edir. Buna ünvanlı sosial yardım proqramını əlavə etsək, bu proqramla əhatə olunan insanların sayı kəskin artır. Hazırda 80 min ailə bu proqramla əhatə olunur və orta hesabla hər bir ailəyə hər ay 220 manatdan çox vəsait ödənilir.
Eyni zamanda, ödənişli ictimai iş yerlərinin - 90 min iş yerinin açılması nəzərdə tutulur. Özünüməşğulluq proqramında 12 min insan əhatə olunur. Artıq biz bu proqramın bir hissəsini Dünya Bankı ilə birlikdə icra edirik. Yəni, bütövlükdə bu sahəyə ayrılan diqqəti və vəsaiti nəzərə alsaq, görərik ki, bu gün bizim üçün bu, prioritetdir və bu, belə də olmalıdır. Çünki pandemiyadan bütün dünya əziyyət çəkir, bütün ölkələr böyük çətinliklərlə üzləşiblər. İnkişaf etmiş ölkələrin bəzilərində iqtisadi tənəzzül 7-10 faiz səviyyəsindədir. Bu, hələ ilkin rəqəmlərdir. Azərbaycanda maliyyə sabitliyini qorumaq üçün bütün lazımi tədbirlər görüldü. Hər kəs bilməlidir ki, əgər maliyyə sabitliyi pozularsa, onda sosial proqramların icrasına da bizim imkanımız çatmayacaq.
Mən ilin əvvəlində və pandemiyanın artıq alovlanan dövründə demişəm ki, bir dənə də olsun sosial proqram ixtisar edilməyəcək və biz bunu təmin edirik. Eyni zamanda, sosial infrastruktur layihələrinin heç biri ixtisar olunmayıb. Ona görə bu sahəyə göstərilən diqqət və əməli-praktiki addımlar bir daha bizim siyasətimizin mahiyyətini göstərir. Bir də onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır".