Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qızıl kimi insan idi, Gəncə saylıb-seçilən həkimini itirdi” – Koronavirusdan vəfat edən həkim necə yoluxub?

“Qızıl kimi insan idi, Gəncə saylıb-seçilən həkimini itirdi” – Koronavirusdan vəfat edən həkim necə yoluxub?

Tarix: 21 May 2020 23:36

Azərbaycanda koronavirus pandemiyasında iş başında virusa yoluxaraq vəfat edən həkimlərdən ikincisi Gəncə şəhərindən oldu.

Xəbər verdiyimiz kimi, Gəncə Təcili Tibbi yardım stansiyasında terapevt kimi çalışan, həm də uzun illərin psixoterapevti olan Cəmşid Abbasov iş başında koronavirusa yoluxaraq, ağırlaşdığından Bakıdakı xüsusi müəssisəyə yerləşdirilib, o süni tənəffüs aparatına qoşulub, lakin təəssüf ki, xəstəni xilas etmək mümkün olmayıb.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə onu tanıyanlar və kolleqaları tərəfindən çox yüksək dəyərləndirilən və peşəkar, savadlı həkim kimi xarakterizə edilən Cəmşid həkim barədə onun iş yoldaşlarından biri Amid Rzayevdən məlumat alınıb.
O, bildirib ki, həkimin yoluxma səbəbi çox güman ki, hələ Gəncə qırmızı zona elan edilməzdən öncə, ilk vaxtlar ehtiyatlı davranmaması və koronavirusun onu məğlub edəcəyinə inanmaması olub.

Çox aktiv şəkildə işinə davam edib, pasiyentləri qəbul edib.

"Belində ağrı, halsızlıq hiss edib. Dediyinə görə, sanki sinir ağrısı idi. İşə getməyib, evdə özünü karantinə alıb, müalicəyə başlayıb. Amma görəndə ki, vəziyyəti yüngülləşmir, özü gedib özəl klinikada müayinə olunub. Məlum olub ki, ağciyərlərində pnevmoniya başlayıb.

113-ə məlumat verib və Bakıya aparılıb. Artıq xəstəxanaya gedəndə vəziyyəti ağır idi, 2 günə süni tənəffüs aparatına qoşulub. Biz ümid edirdik ki, o virusa qalib gələcək. İllərin təcrübəli həkimi idi. Pozitiv, güclü insan idi.

Onu sağ salamat gözləyirdik. Gəncənin tanınıb-sayılan həkimlərindən idi. Hətta rəhmətlik 90-ci illərin Qarabağ müharibəsində də iştirak edib".

Həkimin ailəsində də virus aşkarlanması və karantinə alınması barədə xəbərlər isə təsdiqlənmədi.

Cəmşid Abbasov tək yaşayırdı. Bir qızı var, o da ayrı yaşayır. Aparılan test onda neqativ çıxıb.

"İnsanlar yaxını yoluxmayınca, ölməyincə inanmır. Ola bilər biz də inanmırdıq, amma Cəmşid həkimdən sonra reallıqla barışırıq. İndi həkimlər daha ayıq olmalı və qorunmalıdırlar".


Etiketlər:  Qızıl kimi insan Gəncə saylıb seçilən həkimini itirdi Koronavirusdan vəfat edən həkim necə yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ