Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2020 13:50
Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara riayət etmək mütləqdir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Azərbaycanda karantin rejiminin tədricən yumşaldılması, əfsuslar olsun ki, bəzi vətəndaşlarımızda koronavirusun bitdiyi təəssüratını yaradıb:
"Digər təəssüfləndirici məqamlardan biri isə odur ki, sosial şəbəkələrdə virusun ümumiyyətlə olmaması və yaxud siyasi bir oyun olması ilə bağlı bəzi insanlar tərəfindən şayiələr dolaşır. Hesab edirəm ki, bu, çox təhlükəli bir tendensiyadır və digər insanların da həyatını təhlükə altına atır. Bu cür yanlış informasiyalar ağır fəsadlara gətirib çıxara bilər. Vətəndaşlarımız belə şayiələrə inanmamalı və müfaviq qaydalara əməl etməlidirlər".
Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda koronavirusla mübarizə istiqamətində sistemli şəkildə tədbirlər həyata keçirilir:
"Zamanında görülən bu tədbirlərin sayəsində ölkəmizdə gigiyenik-epidemoloji vəziyyət nəzarət altına alınıb. Lakin bəzi vətəndaşlarımızın məsuliyyətsiz davranışı, müvafiq qaydalara əməl etməməsi, o cümlədən virus barəsində qeyri-dəqiq informasiyaların yayılması görülən bu işlərin tam müsbət nəticə verməsinə mane ola bilər.
Başqa ölkələrdə məsuliyyətsiz davranışın hansı acı nəticələr verdiyinin şahidi olmuşuq. Bu cür halların ölkəmizdə də baş verməməsi, həmçinin bu virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara riayət etmək mütləqdir. Bu qaydalar çox sadədir - sosial məsafəni qorumaq, tibbi maskalardan istifadə, kütləvi halda toplaşmamaq, gigiyenik qaydalara əməl etmək. Burada çətin heç nə yoxdur və əgər virusa qalib gəlmək istəyiriksə, bunları etməliyik".
Millət vəkili hesab edir ki, məsuliyyətsiz davranış və virus haqqında yanlış informasiyanın yayılması digər insanların həyatını təhlükə altına atdığı üçün qaydaların sərtləşməsi və cərimələrin artırılması gündəmə gələr bilər:
"Nəzərə almaq lazımdır ki, məsuliyyətsiz davranan hər bir insan təkcə özünün deyil, digər insanların da həyatını təhlükəyə atır. Bu baxımdan qaydaların sərtləşdirilməsi və cərimələrin artırılması məsələsinin aktuallığı artır".