Tarix: 26 May 2020 21:12
“Sabah”ın qapıçısı Saşa Stamenkoviçin Azərbaycandakı xeyirxah addımı ölkəsi Serbiya mətbuatında da işıqlandırılıb.
Qol.az-ın məlumatına görə, serblər tanınmış idman şərçisi Gündüz Abbaszadənin bu gün sosial şəbəkə hesabında Stamenkoviç haqda yazdığı statusa istinadla xəbər hazırlayıb.
G.Abbaszadə statusunda Stamenkoviçin koronavirusa yoluxan jurnalist Anar Cəfərsoya yardım etmək üçün ondan nömrəsini soruşduğunu, eyni zamanda serb qolkiperin bir aylıq maaşını koronavirusla mübarizə fonduna keçirdiyini qeyd edib.
“HotSport” saytı 35 yaşlı qolkiperlə əlaqə saxlayaraq fikirlərini öyrənib: “Bu, edə biləcəyim ən az şeydir. Yeddi ildir burdayam. İstər Serbiya olsun, istər Qazaxıstan və ya Azərbaycan, həmişə kömək etməyə hazıram. Anar mənə dedi ki, yerli oyunçular da ona yardım etmək istəyir, ancaq qəbul etmir. Çox şadam ki, dünyanın dörd bir yanına yayılan virusla mübarizədə kiməsə kömək etdim”.