Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vüqar Rəhimzadə: Cümhuriyyətimiz tarixi nailiyyətimiz, müstəqilliyimizin dünyaya təqdimatıdır

Vüqar Rəhimzadə: Cümhuriyyətimiz tarixi nailiyyətimiz, müstəqilliyimizin dünyaya təqdimatıdır

Tarix: 27 May 2020 15:00

Bu gün 102 illik tarixi vərəqlənən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev belə qiymətləndirmişdir: "Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi." Bu dəyərləndirmənin davamı olaraq möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi səciyyələndirir. Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı mərhələlərinin tarixi paralellər fonunda indiki və gələcək nəsillərə çatdırılması günümüzün əsas tələbləri sırasındandır. Dövlətimizin başçısı İlham Əliyevin ardıcıl Sərəncamları əsasında 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili", 2019-cu ilin "Nəsimi ili", cari ilin isə "Könüllülər ili" elan edilməsi də bu çağırışların təsdiqidir: Keçilən yola yalnız bir gün deyil, daim nəzər salıb bu reallıqla fəxr etməliyik ki, Azərbaycan xalqının qəhrəmanlıqla dolu zəngin keçmişi, tarixi, mədəniyyəti, ədəbiyyatı, milli-mənəvi dəyərləri vardır. Bu tarixi öyrənmək, təbliğ etmək hər birimizin vətəndaşlıq borcudur.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə vurğulayıb ki, 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tarixi əhəmiyyət kəsb edən və gələcəkdə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul etdi. Daim ilklərə imza atan Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdi, onlar üçün nümunə oldu. Qadınlara seçib-seçilmək hüququ verildi, bu mühüm addım bütün dünya demokratiyasına böyük töhfə oldu. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, dövlət bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Uzun illər sonra Cümhuriyyətin bayrağı rəsmi olaraq ilk dəfə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən qəbul edildi. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa edərək müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisi oldu".

V.Rəhimzadə qeyd edib ki, bu qısa xronologiya Azərbaycanın müstəqillik tarixinin zəngin olmaqla yanaşı, böyük sınaqlardan şərəflə keçdiyini nümayiş etdirir. Əbəs yerə deyilmir ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir.

"Cümhuriyyət tariximizin öyrənilməsi ulu öndər Heydər Əliyevin əsas çağırışlarından olub" söyləyən V.Rəhimzadə bildirib ki, Ümummilli Liderin 1993-2003-cü illərdə gördüyü işlərin davamı olaraq son 16 ildən artıq dövrdə möhtərəm Prezidentimiz İlham Əliyev milli dövlətçilik tariximizə diqqət və qayğısını davamlı addımları ilə təsdiqləyir. Qeyd etdiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı, həmçinin 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunması barədə Sərəncamlar xalqımızda, xüsusilə gənclərimizdə müstəqil dövlətçilik və vətənpərvərlik hisslərinin gücləndirilməsində mühüm rol oynadı.

Baş redaktor bildirib ki, dövlətimizin başçısı İlham Əliyev hər il 28 May-Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Cümhuriyyət tarixinə yüksək qiymət verərək bildirir ki, Azərbaycan xalqı və dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə çox böyük hörmətlə yanaşıb və yanaşır, onların xatirəsini qəlbində yaşadır. Bu diqqət və qayğının tərkib hissəsi kimi 2007-ci ildə Bakının İstiqlaliyyət küçəsində Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal Bəyannaməsi abidəsinin açılışını qeyd edə bilərik. Həmçinin cənab İlham Əliyevin göstərişi ilə Cümhuriyyət tariximizin araşdırılması məqsədilə ikicildlik ensiklopedik lügət hazırlanıb.

"Atılan bu addımlar tariximizə verdiyimiz dəyərdən, öyrənilməsinə göstərdiyimiz maraqdan, ən əsası zəngin tarixə malik olduğumuzu bir daha dünyaya çatdırmaqdan ibarətdir. Azərbaycan xalqı tarixinin hər səhifəsinə hörmətlə yanaşıb, tarixin sınaqlarından şərəflə çıxması ilə fəxr edir" söyləyən V.Rəhimzadə qeyd edib ki, artıq müstəqilliyimizin yenidən bərpa olunmasından 29 ilə yaxın zaman keçir. Bu illər Azərbaycan tarixinə biri-birindən önəmli uğurlar yazıb. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, 1993-2003-cü illərdə həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət bugünkü Azərbaycanın möhtəşəm uğurlarına yol açıb. Dahi şəxsiyyətin "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir" tezisi Azərbaycanın istər 1918-ci illərdə, istərsə də müstəqilliyini yenidən bərpa etdiyi ilk illərdə cərəyan edən proseslərin fonunda özünü bir daha qabarıq şəkildə büruzə verir. Ümummilli lider Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan xaosdan, anarxiyadan, iqtisadi tənəzzüldən inkişaf, tərəqqi yoluna çıxdı. Ölkəmiz qısa müddətdə sabitlik məkanına çevrildi. Xalqımız öz təbii sərvətlərinin əsl sahibinə çevrilməkdən qürur duydu. Məhz təbii resurslardan səmərəli istifadə etmək, səyləri birləşdirmək, dünya iqtisadi sisteminə inteqrasiya etmək məqsədilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın dünya birliyində yeri və rolunu artırdı, ölkəmizə iqtisadi və siyasi dividendlər qazandırdı. Ulu Öndər Azərbaycanın çətin günlərdən şərəflə çıxaraq dünya birliyində layiqli yer tutacağını böyük inam və qətiyyətlə bildirmişdir: "Azərbaycan dünyaya Günəş kimi doğacaq".

Baş redaktor bildirib ki, son 16 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev öz qətiyyəti, siyasi iradəsi, təkmil islahatları ilə Azərbaycanın imzasını dünyada təsdiqlədir, əsl söz sahib olduğunu bəyan edir. İqtisadi möcüzələr ölkəsi kimi tanınan Azərbaycan möhkəm təməl üzərində inamla addımlayır. Bu gün müstəqil Azərbaycana hansı sahədən diqqət yetirsək, böyük inkişafın, tərəqqinin şahidi olarıq. Ölkəmizin inkişaf modeli dünyada təqdir edilir, öyrənilməsinin vacibliyi vurğulanır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası, həmçinin 12 istiqaməti özündə ehtiva edən, davamlı inkişafa yönələn Strateji yol xəritələri qarşıdakı illər üçün müəyyənləşdirilmiş hədəflərin gerçəkləşməsində stimulverici amilə çevrilib. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz keçilən yolumuzun zənginliyinə, təcrübəmizin çoxşaxəliliyinə, islahatlarımızın təkmilliyinə əsaslanır.

V.Rəhimzadə Azərbaycanın malik olduğu imkanların, möhkəm bazanın hər bir çətinlikdən uğurla çıxmasını təmin etdiyini vurğulayıb: "Bu gün dünyanı bürüyən, birinci mərhələsi başa çatıb bəzi ölkələrdə ikici mərhələsi yaşanan koronavirus pandemiyası dünya dövlətlərinin, o cümlədən Azərbaycanın malik olduğu imkanları bir daha nümayiş etdirdi. Azərbaycan yalnız daxildə deyil, beynəlxalq müstəvidədə gördüyü tədbirləri ilə diqqət çəkdi. Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun, həmçinin ABŞ Prezidenti Donald Trampın dövlətimizin başçısı İlham Əliyevə ünvanladıqları məktublarda da ölkəmizin təkmil inkişaf strategiyasının uğurlarına diqqət yönəldilir, Azərbaycanın bu bəladan az itki ilə çıxacağına böyük əminlik ifadə edilir. Ölkəmizin birlik, həmrəylik çağırışlarını əməldə nümayiş etdirməsi də diqqətçəkən addımlarımız sırasındandır. Möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə iki böyük tədbirin - Türk Şurasının və Qoşulmama Hərəkatının videoformat şəklində Zirvə görüşlərinin keçirilməsi Azərbaycanın dünyanı birləşdirən, bir-birinə əks qütbləri bir araya gətirən, ölkələr, xalqlar arasında körpü rolunu oynayan ölkə imicini daha da möhkəmləndirdi".

Baş redaktor 102 illik yolun uğurlarını qısa təhlil əsasında tam əhatə etməyin mümkünsüzlüyünü önə çəkərək bu ümumiləşdirməni aparıb ki, möhkəm təməl Azərbaycanın qarşısında yeni-yeni imkanlar, üfiqlər açır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin proqram xarakterli bu tezisinə istinad etsək, "Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır".


Etiketlər:  Vüqar Rəhimzadə Cümhuriyyətimiz tarixi nailiyyətimiz müstəqilliyimizin dünyaya təqdimatıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ