Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2020 11:42
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş torpaqlarda məskunlaşmaq, onun yenidən qurulması barədə dövlət səviyyəsində böyük planı mövcuddur".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Onun sözlərinə görə, bu plan və proqram üçün xeyli vəsait tələb olunur və həmin vəsaiti Azərbaycan dövlətinin ödəmək iradəsi var:
"Eyni zamada bir sıra beynəlxalq təşkilatlar da işğaldan azad olunmuş ərazilərdə qaçqın və məcburi köçkünlərin məskunlaşması və orada abadlıq işlərinin görülməsi ilə bağlı kredit ayırmaq fikrindədirlər. Şübhəsiz torpaqlarımız işğaldan azad olunacaq. Prezident İlham Əliyev də məcburi köçkünlərlə görüşündə haqlı olaraq qeyd etdi ki, Azərbaycanın bir çox yerlərində məcburi köçkünlər üçün şəhərciklər salınır, amma bunlar müvəqqəti yerlərdir. Həmin şəhərciklər onun üçündür ki, onlar dövlətin qayğısını hiss etsinlər, ağrı-acılı talelərinə dövlətin şərik olduqlarını anlasınlar, maddi sıxıntı çəkməsinlər. Bu məqsədlə məcburi köçkünlərimizə güzəştlər tətbiq edilib, kommunal xərclərdən azad olunublar. Dövlət bu kateqoriyadan olan şəxslərin işlə təminatına, onların sosial rifahının yaxşılaşdırılmasına çalışır. İşğaldan azad olunan torpaqlarda dağılan ərazilər yenidən qurulacaq, yeni yaşayış binaları inşa edilərək vətəndaşlarımıza veriləcək, həmçinin tarixi abidələrimiz bərpa olunacaq".
Millət vəkili bildirib ki, cənab Prezident məcburi köçkünlərlə görüşdə işğaldan azad olunan Cocuq Mərcanlıda görülən işləri misal gətirərək bildirib ki, işğaldan azad olunacaq digər ərazilərimiz də də bu cür işlər görüləcək:
"Cocuq Mərcanlıda yeni və gözəl qəsəbə salınıb, Şuşadakı məscidin eynisi inşa olunub, hazırda isə işğaldan azad olunan Şıxarx ərazisində böyük və müasir qəsəbə inşa olunmaqdadır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dövlətinin iradəsi öz yerindədir, dövlətin məqsədi Dağlıq Qarabağı işğaldan azad edərək orada gözəl binalar inşa etmək, tarixi abidələri yenidən bərpa etməkdir. Bu Azərbaycan dövlətinin qarşısına qoyduğu əsas məsələlərdəndir və buna heç kimin şübhəsi olmasın. Prezident birmənalı şəkildə qeyd edir ki, torpaqlar işğaldan azad olunacaq, əhali doğma yurdlarına qayıdacaq və orada infrastruktur bərpa ediləcək".
T.Kərimli bəzi şəxslərin məcburi köçkünlərin işğaldan azad olunacaq ərazilərə qayıtmayacağı barədə səsləndirdikləri fikirlərə də münasibət bildirib: "Bəziləri iddia edirlər ki, torpaqlar işğaldan azad olunandan sonra məcburi köçkünlər həmin ərazilərə qayıtmayacaq. Lakin son proseslər göstərir ki, bu ərazilərə qayıtmaq üçün növbəyə durub. Cocuq Mərcanlı əhalisinin ora qayıtması buna bir misaldır. Əhali Şıxarx və digər işğaldan azad olunacaq ərazilərə də qayıdacaq. Dağlıq Qarabağ və ətraf ərazilərin işğaldan azad olunması an məsələsidir".