Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 10:27
"Artıq dörd modul tipli xəstəxana istifadəyə verilib. Respublikanın bütün ərazilərində hazırlıq tədbirləri keçirilmişdi ki, proses çox kritik hal alsa koronavirusa yoluxanları yerləşdirməyə yer olsun".
Bunu Sonxeber.net-a açıqlamasında "Cənubi Qafqaz" Politoloqlar Klubunun rəhbəri Tofiq Abbasov Azərbaycan dövlətinin mövcud vəziyyətdən az itkilərlə çıxmaq üçün gördüyü işləri şərh edərkən deyib.
O, Ermənistanda əhalinin sayının Azərbaycanla müqayisədə xeyli az olmasına baxmayaraq orada yoluxanların sayının bizdən iki dəfə çox olmasını xüsusilə qeyd edib:
"Bu xəstəxanalarda çarpayılar da var, tibb personalı da nəzərdə tutulub, bütün lazımı vasitələr hamısı hazır vəziyyətdə var. O baxımdan ikinci dalğanın birdən-birə qəfildən gəlməsi həm bizim üçün, həm də dünyada digər ölkələr üçün də gözlənilməz oldu və bunun da proqnozunu heç kəs verə bilmir. Düzdür, əvvəldən deyilmişdi ki, bu ola bilər. Ancaq ən pis proqnozlar da reallaşdı. Bu baxımdan biz görürük ki, hazırda risklər var, ancaq bununla yanaşı həm də hazırlıq var. Operativ Qərargahın nəzdində TƏBİB də bütün lazımı işləri görür və mütəmadi olaraq həm Prezidentə məruzlərər edilir, həm də bütün ehtiyat variantların hamısı nəzərdən keçirilir. Bu baxımdan Azərbaycan Ermənistanla müqayisə olunsa biz görərik ki, Ermənistanda əhalinin sayı bizdən xeyli azdır, ancaq orada yoluxanların sayı iki dəfə bizdən artıqdır.
Düzdür, Gürcüstan da bizim bölgədə yerləşən ölkədir. Orada yoluxanların sayı azdır və onlar karantin rejiminə riayət edirlər. Ancaq hər halda Azərbaycanın əhalisi Gürcüstandan da çoxdur. Biz Gürcüstandan fərqli olaraq bilavasitə İranla həmsərhədik və İranda yoluxma halı kütləvi bir hal aldı. Ona görə də biz "riskli" ölkə ilə həmsərhədik və bu da öz təsirini yəqin ki, göstərib. Ancaq bizdə bu yoluxmaların sayı kontrolda saxlanılır".
Politoloq Azərbaycanda Prezidentin göstərişi ilə hazır tikilən modul tipli xəstəxanaları bir-iki gün üçün yox, uzun perspektivə hesablanmış tədbir kimi dəyərləndirib:
"Altı modul tipli xəstəxana hazırlıq səviyyəsindədir. Onlarda da tamamlama işləri gedir. Yəni, bunlar hamısı bir gün üçün, iki gün üçün yox, uzun perspektivə hesablanmış tədbirlərdir. Koronavirusun hələ ki, vaksini tapılmayıb. Bu virus istənilən vaxt yeni dilemmaları qarşıya çıxara bilər. O baxımdan da ölkəmizin hazırlığı kifayət qədər təminatlı şəkildə həm düşünülüb, həm də reallaşan tədbirlər də göstərir ki, görülən işlər, hazırlıq prosesinə daxil olan məqamlar hamısı öz effektini verir. Təbii ki, bütün dünya, o cümlədən dünyanın super gücü ABŞ-da da yoluxma statistikasında kritik rəqəmlər var. Onlar da bu proseslə əlbəyaxadırlar. Ən çox yoluxanların sayı ABŞ-dadır. Düzdür, deyə bilmərəm ABŞ hansı səviyyədə hazırlıq işləri aparıb.
Ancaq bizdə görürük ki, Operativ Qərargah nəzdində mütəmadi olaraq brifinqlər keçirilir. TƏBİB-in rəhbərləri çıxış edirlər, insanları məlumatlandırırlar. Artıq məcburiyyətdən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur. İndi qarşıdan gələn iki gündə insanlar evdə oturmalıdırlar ki, o arzuolunmaz yoluxma sayı müşahidə edilməsin. Bu baxımdan mən ölkəmizdə olan vəziyyəti qənaətbəxş sayıram".
Təhməz Təkin