Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 21:10
Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında" qərar verib.
Sonxeber.net bildirir ki, qərara əsasən, yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərin təcrid olunması proseduru müəyyənləşib.
Beləliklə, aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydalara riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydalara uyğun olaraq tibbi müşahidə həyata keçirilir.
Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətləri dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs iltizamı imzalamaqdan imtina etdikdə, bu barədə (ona qanunda nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edildiyi göstərilməklə) 2 nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi yoluxucu xəstəliyə tutulma faktı təsdiq edilmiş şəxsə verilir, digər nüsxəsi tibb müəssisəsində qalır.
Bu Qaydalarda nəzərdə tutulan şəxslərin yaşadıqları və ya olduqları yer üzrə təcrid olunması yoluxucu xəstəliklərin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir.