Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2020 12:00
Müstəqil Azərbaycan dövlətinin illər ərzində keçdiyi yol sübut edir ki, əldə edilən tarixi uğurların əsasında ulu öndər Heydər Əliyevin uzaqgörən, düşünülmüş, əsrlərin perspektivlərinə hesablanmış milli dövlətçilik siyasətinin reallaşdırılması dayanıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə deyib.
Onun sözlərinə görə, fenomen şəxsiyyət olan Heydər Əliyev siyasi irsinin öyrənilməsi, təbliğ edilməsi və tətbiqi günümüzün strateji istiqamətləridir. Bu yolda Prezident İlham Əliyevin də uğurlu fəaliyyəti Azərbaycanın gələcək inkişaf perspektivlərini nəzərdə tutan milli düşüncə fəlsəfəsinin meyarlarıdır.
İ.Məmmədzadə qeyd edib ki, zaman və məkan ölçüsündə dahi Heydər Əliyev milli ideyaları Azərbaycan dövlətçiliyinin, milli birliyinin və milli dəyərlərinin həm siyasi-ictimai, həm də mədəni-mənəvi təməli kimi daim yolumuzu müəyyənləşdirəcək:
"Azərbaycanın dövlət müstəqilliyinin 30 illiyinə az qalıb. Bu, həm az, həm də çoxdur. Tarix kontekstində bu, bir andır. Lakin bu müddət ərzində ölkədə çox işlər görülüb. Ümummilli lider Heydər Əliyevin dövründə "Əsrin müqaviləsi" imzalandı, o, nəinki çox neft verdi, həm də əsl müstəqilliyə yol açdı, alternativlər yaratdı. Konstitusiya qəbul edildi. İndi dəqiqləşdirə, konkretləşdirə bilərik, amma bütün dövlətimizin hüquqi əsası 1995-ci ildə yaradıldı. Ümummilli liderin rəhbərliyi altında çoxvektorlu xarici siyasətin strategiyasının əsasları işlənib hazırlandı, ölkədə sülh və dialoq kimi başa düşülən azərbaycançılıq ideologiyası fəlsəfəsinin əsası qoyuldu. Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, bəsirətli, gələcəyi düşünən siyasəti nəticəsində həmin uğurlar bugünün tələblərinə uyğun olaraq daha da inkişaf etdirildi. Burada varislik, ardıcıllıq və yenilik, dövrümüzün yeni çağırışlarının nəzərə alınması dialektik surətdə birləşib. Bizim dövlət və cəmiyyət həyatının bütün sahələrində ciddi uğurlarımız vardır. Dünyanın bütün inkişaf reytinqlərində biz MDB ölkələri arasında liderik. Hətta, böhran dövründə belə, inkişafın energetika paradiqmasından qeyri-neftə keçmək lazım gəldikdə, biz özümüz və bütün aləm ölkəmizin iqtisadi təməllərinin sabitliyinə əminik".
İ.Məmmədzadə əlavə edib ki, tarixdə və müasir dövrdə bir çox məsələlərin həlli ordunun dövlətin müstəqilliyinin qorunması üçün üzərinə götürdüyü məsuliyyətdən və qabiliyyətindən asılıdır:
"Bu gün Azərbaycanın güclü, döyüş sınaqlarından keçmiş, yaxşı silahlanmış Milli Ordusu var. Bütün uğurlara baxmayaraq, ordu inkişafa, güclənməyə və yenidən silahlanmağa hazır olmalıdır. Bu isə təkcə iqtisadi deyil, həm də bir çox digər parametrlərdən asılıdır. Güclü dövlətlərin maraqlarının toqquşduğu, qeyri-sabit bir bölgədə yerləşən yeni bir dövlət üçün onun Ali Baş Komandanının istedadı, idarəetmə dühası, güclü ideologiya, hakimiyyət və cəmiyyət arasında birlik, nüfuzlu xarici siyasət və bütövlükdə, dövlətin dünyada qazandığı qədr-qiymətin əhəmiyyəti böyükdür. Eyni zamanda bütün məqsədlərimizə çatmaq üçün vətəndaşlarımız xeyli səy göstərməlidir. Lakin bunun üçün, hər şeydən əvvəl, liderin xalqa, xalqın isə liderə inamı olmalıdır".
Alim bildirib ki, XX əsrin 90-cı illərində dövlət müstəqilliyini əldə etmiş Azərbaycan məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında üzləşdiyi faciələri aradan qaldırmış, milli varlıq və idrakının, özünüdərkinin ali təzahür forması olan suveren, azad dövlət ideyasını uğurla gerçəkləşdirmişdir. Məhz ona görə də bu böyük lider təkcə öz ömrünün, insan həyatının deyil, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsində özünə əbədi yer qazanmış dahi şəxsiyyətdir:
"Ulu öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Azərbaycanın son 50 illik tarixinin və 30 ilə yaxın suverenlik dövrünün bütün mərhələlərində bu fenomenal şəxsiyyətin geniş fəaliyyətinin izləri qabarıq duyulur. Məhz, bu baxımdan da ulu öndərin öz fikri ilə dediklərimizi təsdiqləyək: "Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm". Ümummilli lider Heydər Əliyevin mənəvi irsi bir çox tanınmış alim və tədqiqatçılar tərəfindən öyrənilir. Bizim məsələnin kontekstində başlıcası onun irsinin yalnız Azərbaycanın hüquqi dövlətinin və demokratiyanın inkişafını, çoxvektorlu xarici siyasətini, güclü sosial siyasətini müəyyənləşdirməsi deyil, ilk növbədə, ölkənin ideologiyasında maariflənmiş vətənpərvərliyin, humanistik və mənəvi amilin, tolerantlıq prinsipinin əhəmiyyətli rol oynamasıdır. Onun bu ideologiyası və prinsipləri əsasında İlham Əliyevin yeni bir siyasi fəlsəfəsi formalaşdı".
İ.Məmmədzadə deyib ki, Prezident İlham Əliyevin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" 21 yanvar 2013-cü il tarixli Sərəncamında deyildiyi kimi, "dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz, Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir".