Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2020 15:16
Hər il yay aylarında avtomobil bazarlarında bir canlanma yaranardı. Lakin bu il pandemiya səbəbindən alıcıların sayı xeyli azalıb, bazarda sanki sükut hökm sürür. Qiymətlər sovet istehsalı olan maşınlarda nisbətən ensə də, digər ölkələrin istehsalı olan avtomobillərdə bunun əksi müşahidə edilir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, qərb bölgəsində iki maşın bazarı var. Biri Gəncədə, digəri isə Tovuzda yerləşir. Tovuzdakı bazarda insanlar az olsa da, onların tibbi maskadan istifadə etməməsi, sosial məsafəni gözləməməsi diqqətimizdən qaçmadı.
Maşın bazarındakı durğunluq əsasən xarici ölkə istehsalı olan avtomobillərin satışında özünü göstərir. Dünyada, o cümlədən ölkəmizdə yayılan pandemiya da avtomobil satışına mənfi təsir göstərir. Alıcılar əsasən "VAZ" markalı avtomobillərə üstünlük verirlər. Avtomobilini satmağa gətirən Ağstafa rayon sakini Namiq Məmmədov deyir ki, artıq neçə dəfədir bazara gəlsə də, satışa çıxardığı "Chevrolet" markalı avtomobili ilə maraqlanan az olub: "Bazara gətirdiyim Amerika istehsalı olan avtomobildir. Gəlib qiymət soruşub, maraqlanan azdır. Alıcılar əsasən sovet istehsalı olan maşınlara maraq göstərirlər".
Həftədə bir dəfə təşkil edilən bazara ətraf Şəmkir, Qazax, Gədəbəy, Ağstafa və digər rayonlardan da gələnlər çox olur. Pandemiyanın təsirindən bazara maşın gətirənlərin sayı da nisbətən azdır. Əvvəllər bazarda 700-800 avtomobil olurdusa, indi satışa 300-350 avtomobil çıxarılır.
Satıcılar bazarda üstünlüyün sovet istehsalı avtomobillərinə verilməsinin səbəblərindən birini bölgənin aqrar zona olması ilə əlaqələndirirlər. İnsanlar əsasən təsərrüfatda istifadə etmək üçün sovet istehsalı olan maşınlar almağa çalışırlar.
Bir sözlə, adətən hər il yay mövsümü dövründə avtomobil bazarında müəyyən canlanma və bahalaşma olurdusa, bu il pandemiyaya görə vəziyyət fərqlidir.