Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2020 10:00
Çin istehsalı olan markalarda əlverişli qiymətə əla funksionallığın təklif olunmasına adət etmişik. Məşhur brendlərin təqdim etdiyi funksionallığa yaxın keyfiyyəti daha aşağı qiymətə əldə etmək olarsa, əlavə pul ödəməyin mənası varmı? Lakin, hər birimizin bildiyi kimi "ucuz ətin, şorbası olmaz" və əlverişli deyib, təhlükəsizlikdən imtina etmək heç də düzgün seçim deyil. Belə ki, Forbes nəşriyyatının verdiyi məlumata görə, təcrübəli kiber təhlükəsizlik tədqiqatçısı, onun yeni Redmi Note 8 smartfonu tərəfindən, cihazda icra olunan bütün hərəkətlərinin izlənilib, toplandığını aşkar etdib. Gebi Kirligin sözlərinə görə, toplanmış bütün məlumatlar, Xiaomi'nin icarəyə götürdüyü iddia edilən, uzaq Alibaba serverlərinə göndərilirmiş. Belə ki, cihaz brauzer tarixçəsini, hətta bilavasitə "gizli" rejimdən istifadə etməklə həyata keçirilən baxışları da izləyirmiş. Bununla yanaşı, smartfon həm Google axtarış sorğuları həm də istifadə olunan qovluqlar haqqında məlumatı toplayaraq, domenləri Pekində qeydə alınana uzaq Sinqapur və Rusiya serverlərinə göndərirmiş.
Bu məsələ ilə bağlı, Forbes öz araşdırmasını apararaq, belə bir nəticəyə gəlib ki, Xiaomi tərəfindən Google Play-də təqdim olunan "doğma brauzerlər", buna misal olaraq, Mi Browser Pro və Mint Browser də istifadəçilərin şəxsi məlumatlarını toplayır. Qeyd edilən bu iki tətbiqin bir yerdə, 15 milyondan çox yüklənməsinin (Google Play statistikaya görə) mövcud olduğunu nəzərə alsaq, hal hazırda çox sayda istifadəçinin şəxsi məlumatı uzaq serverlərdə "dövriyyə edir".
Xiaomi, Apple, Samsung və Huawei-dən sonra bazar payı üzrə dünyada dördüncü yeri tutan ən böyük smartfon istehsalçılarından biridir . Brendin bazarda böyük tələbatı daha bahalı smartfonlarla demək olar ki, eyni keyfiyyətlərə sahib olan cihazların ucuz qiymətə təqdim edilməsi ilə bağlıdır. Lakin belə olduğu halda, risk etməyə dəyər mi, buna artıq istehlakçı qərar verəcək.
Xiaomi-nin rəsmi nümayəndələri problemin mövcudluğunu inkar etsələr də, "məxfiliyin pozulması" halları haqqında məlumat bir neçə nüfuzlu nəşr tərəfindən dərc edilib. Bu məsələdə kimin səf, kimin doğru olduğu tam aydın olmasa da, məlumdur ki, burada başqa bir istehsal nəhənginin ünvanına səsləndirilən bütün "ittihamlar" sadə şübhələrə əsaslanır. Belə ki, CNN Business-in bildirdiyinə görə, ABŞ Ticarət Departamenti, Huawei və təchizatçılarının ABŞ texnologiyalarından istifadəsini qadağan edən yeni bir qayda tətbiq edib. Sentyabr ayında qüvvəyə minəcək dəyişiklik, Huawei və ya onun filialları üçün çip istehsal etmək üçün Amerika maşınları və proqram təminatlarından istifadə etməyi qadağan edir. Belə ki, Tramp administrasiyası Huawei milli təhlükəsizliyə təhdid olaraq görərək, casusluqda ittiham edib. Buna cavab olaraq, Huawei, Çin səlahiyyətlilərinin, şirkətin cihazlarından istifadə edərək ABŞ və müttəfiqlərinin danışıqlarına qizli şəkildə qulaq asdıqlarını qəti şəkildə inkar edir. Bir çoxları, sözü gedən qərarı Donald Trampın Çinə olan münasibəti ilə əlaqələndirir. Məsələn, New York Times yazır ki, ABŞ prezidenti bu şəkildə virusun dünyaya yayılmazdan əvvəl Çində dayandırılmasının lazım olduğunu əsas gətirərək, Pekini koronavirus pandemiyasında günahlandırmağa çalışır.
Bu məsələ ilə bağlı, Huawei öz növbəsində, Qualcomm kimi Amerika çip istehsalçılarından asılılığını azaltmaq üçün HiSilicon çipsetindən istifadə edərək istehsalın artırılması yolunda addımlar atır.
Hal hazırda bütün dünya sözü gedən vəziyyətin gedişatına nəzər yetirərək, bütün Çin texno sənayesinin gələcəyinin necə dəyişəcəyini diqqətlə izləyir.