Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2020 22:57
Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı açıqladığı məlumata görə, bu gün Birləşmiş Millətlər Təşkilatının 2018-ci il 20 dekabr tarixli qərarı ilə ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, dünyada ərzaq istehsalat-təchizat zəncirinin daha da mürəkkəbləşdiyi, qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin insanların sağlamlığına, ticarətə, ümumilikdə bütün dünya iqtisadiyyatına mənfi təsiri nəzərə alınaraq təsis edilib.
Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada hər il müxtəlif kimyəvi, bakteriya, virus, parazit və toksin kimi maddələrlə çirklənmiş qidaların istehlak edilməsi nəticəsində təxminən 600 milyon insanda qida zəhərlənmələri baş verir. Nəticədə Yer kürəsinin hər 10 sakinindən biri tibbi müayinəyə ehtiyac duyur.
Ümumdünya Qida Təhlükəsizliyi Günü həmin təhlükələrə diqqət çəkmək üçün Kodeks Alimentarius Komissiyasının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Dünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə qeyd edilir. Bu il Ümumdünya Qida Təhlükəsizliyi Günü dünyanın diqqətini qida təhlükəsizliyi mövzusuna çəkmək üçün "Qida təhlükəsizliyinə görə hər kəs məsuliyyət daşıyır" şüarı ilə keçirilir.
Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması məqsədilə Prezident İlham Əliyevin 2017-ci il 10 fevral tarixli "Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Ötən il aprelin 29-da isə ölkə başçısının müvafiq Fərmanı ilə "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı" təsdiqlənib. Dövlət Proqramında əsas məqsədlər qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabət qabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrə, bitki mühafizəsi vasitələrinə və baytarlıq preparatlarına nəzarət tədbirlərinin gücləndirilməsi, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılmasından ibarətdir.