Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tovuz sakininin "Moskviç" sevgisi - VİDEO - FOTO

Tovuz sakininin

Tarix: 29 Iyun 2020 23:30

Tovuz rayon sakini, 62 yaşlı Cümşüd Əhmədov ona atasından yadigar qalan ötən əsrin istehsalı olan köhnə avtomobili hələ də saxlayır. O, hər gün 60 yaşlı "Moskviç 403" markalı avtomobilini silib-təmizləyir, ona göz bəbəyi kimi baxır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, atası bu avtomobili alanda C.Əhmədovun 10 yaşı olub. Ailədə 6 uşaq olan Cümşüd Əhmədov ilk dəfə avtomobili idarə etməyi də məhz bu "Moskviç"də öyrənib.

Həmsöhbətimiz deyir ki, indiyədək onun bir çox modeldə və markada avtomobilləri olub. Lakin ehtiyac olduqca onları satıb. Ona doğma olan "Moskviç"i isə heç vaxt satmaq fikrinə düşməyib. O, atasının yadigarı olan bu avtomobil üçün hələ uzun illər öncədən ehtiyat hissələri alıb saxlayıb və lazım olduqca onlardan istifadə edir. Hər gün iki saatdan çox vaxtını "Moskviç"ə qulluq etməyə ayırır.

"Ailə üzvlərimizin hər biri üçün bu avtomobilin ayrı xatirəsi var. Ona baxanda keçmişi xatırlayır, acılı-şirinli günlərimiz yada düşür", - deyə Cümşüd Əhmədov bildirir.

C.Əhmədov indiyə qədər bu avtomobillə qəza törətmədiyini, nə də ki, yol hərəkəti qaydalarını pozmadığını deyir. "Moskviç" bu gün də öz görkəmini itirməyib. Belə ki, avtomobil ilk və son dəfə düz 32 il bundan əvvəl rənglənib.

Milli.Az


Etiketlər:  Tovuz sakininin Moskviç sevgisi VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ