Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2020 19:21
Bakı. İlhamə İsabalayeva - Trend:
COVİD-19 pandemiyası ilə əlaqədar tədris ili müddətində istifadə edilən xüsusi proqramlar vasitəsilə gələcəkdə xaricdəki müxtəlif sahələr üzrə dərs keçən qabaqcıl müəllimləri ölkəmizdə tədris prosesinə cəlb etmək olar.
Bunu Trend-ə təhsil eksperti Elçin Süleymanov deyib.
Pandemiya ilə əlaqədar bütün dünyada olduğu kimi Azərbaycanda da distant təhsilə keçildiyini xatırladan E.Süleymanov qeyd edib ki, onlayn təhsil xüsusilə universitetlər üçün yeni imkanlar yaradır:
“Onlar bu proqramlar vasitəsilə müəyyən səbəblərdən Azərbaycana gələ bilməyən insanları tədris prosesinə cəlb edə bilərlər. Onlayn proqramlar ikili diplom proqramlarında da aktiv istifadə oluna bilər. Universitetlər bu proqramlarla eyni zamanda beynəlxalq layihələrdə, konfranslarda iştirak edə bilərlər”.
Ümumtəhsil müəssisələrinə gəldikdə, E.Süleymanov deyib ki, pandemiya dövründə distant təhsilə keçilmənin bir üstünlüyü şagirdlərin texnologiyalardan istifadə etmək bacarığının əldə edilməsi və ya artırılması oldu:
“Düzdür, distant təhsilə keçilmənin təhsilin keyfiyyətinə müəyyən qədər mənfi təsiri ola bilər. Amma bu, bir məcburiyyət idi. Distant təhsilə xəstəliyin yayılmasının qarşısının alınması üçün ən həssas təbəqə olan təhsilalanların sağlamlığının qorunması məqsədilə keçirilib”.
E.Süleymanov bildirib ki, orta məktəblərdə onlayn dərslər 3 şəkildə keçirilib. O, hər üç yolu səmərəli hesab edib:
“Təhsil Nazirliyinin xətti ilə teledərslər keçirildi. İkinci layihə virtual dərslər idi ki, qısa müddətdə bu layihədə iştirak üçün 1 milyona yaxın şagird qeydiyyatdan keçib. Təhsil alan şagirdlərin demək olar ki, 70 faizi virtual məktəb layihəsində iştirak ediblər. Virtual dərsləri keçən müəllimlər şagirdlərin öz müəllimləri deyildi. Üçüncü yol isə bu oldu ki, şagirdlərin öz müəllimləri müxtəlif texnologiyalardan istifadə edərək distant yolla dərslər keçməyə başladılar”.
Tədrisin dayandırıldığı müddətdə müəllimlərə də könüllü şəkildə distant təhsilin keçirilməsi proseduru ilə bağlı onlayn təlimlərin keçirildiyini xatırladan ekspertin fikrincə, gələcəkdə distant təhsil alternativ üsul kimi deyil, tədris prosesinə dəstək kimi istifadə edilə bilər. Distant formada dərslərin keçirilməsi müəyyən səbəblərdən təhsildən kənarda qalanların təhsilə cəlbi üçün də mütərəqqi bir metod ola bilər.
Ekspert hesab edir ki, ümumilikdə Azərbaycan təhsil sistemi pandemiya ilə əlaqədar yarananan çətinliklərdən üzüağ çıxdı:
“İnternetin sürətinin azalması ilə əlaqədar müəyyən problemlərin yarandığı bildirilirdi. Amma mən bu prosesin 70-80 faiz uğurla keçdiyini deyə bilərəm. Eyni fikri ali məktəblər üçün də söyləmək olar”.