Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2020 16:48
Dişlərin arasına dolan yemək qalıqlarını təmizləmək üçün indi xüsusi vasitələr var. Çırtlanmış tum qabığını xatırladan dişqurtladan meyvələrinin çəyirdəyi bəlkə də bu sahədə ən təbii vasitədir. Ehtimal ki, bitkinin adının yaranmasında da bu amil əsas rol oynayıb. Əks halda, nə bitkinin boy-buxunu, nə də ağappaq çiçəkləri ilə adı arasında heç bir əlaqə tapmaq mümkün olmazdı. Dişqurtladanın ağappaq çiçəklərinin başçatladan xoşagəlməz qoxusu olur və bu kəsif qoxu hər kəsi ondan aralı gəzməyə vadar edir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, dişqurtladanın əsas maddəsi kellin spazmolitik təsirə malikdir. O damarların, bağırsağın, sidik və öd kisəsinin divarlarının tonusunu azaldır, bronxları və ürəyin vena damarlarını genişləndirir. Bitki dərinin ultrabənövşəyi şüalara qarşı həssaslığını artırır.
Dişqurtladan tibdə spazmolitik təsir göstərən vasitə kimi ürəyin stenokardiya xəstəliyində, göyöskürək, bronxial astma, mədə və bağırsaq spazmalarında, həmçinin ürək arteriyalarını genişləndirən vasitə kimi aterosklerotik kardioskleroz və xroniki ürək çatışmazlığında istifadə edilir. Onun meyvəsindən alınan preparat həb formasında buraxılır. Nitroqliserinə oxşar təsir göstərir, lakin ondan fərqli olaraq stenokardiyanın ağrılı tutmalarını aradan qaldırmır, tez təsir etmir, lakin xroniki ürək çatışmazlığında kellinin müalicəvi təsiri uzun müddət davam edir.
Onu da qeyd edək ki, kellini uzun müddət istifadə edildikdə və ya dozası çox olduqda ürəkbulanma, qusma, ümumi əhval-ruhiyyənin pozulması, dəridə allergik səpgilərin əmələ gəlməsi kimi mənfi hallar baş verə bilər. Qan dövranı pozğunluğunda kellindən istifadə etmək olmaz.