Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2020 16:18
"İyulun 12-də Ermənistanın silahlı qüvvələri növbəti dəfə öz işğalçı və məkirli siyasətini nümayiş etdirərək Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi artilleriya atəşinə tutub, hücuma keçməyə cəhd göstəriblər. Bununla əlaqədar Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistanın bu təxribatının qarşısı qətiyyətlə alınıb, düşmənin canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər vurulub, mövqelərinə güclü zərbələr endirilib".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib.
K.Bayramov bildirib ki, bu, birinci təxribat deyil, Ermənistanın hərbi-siyasi rəhbərliyi dəfələrlə atəşkəs rejimini pozmaqla işğalçılıq siyasətini bu cür davam etdirir:
"2016-cı ilin aprelində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.
2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçib.
Bu döyüşlər və əməliyyatlar Azərbaycan Ordusunun təxribat törədən, dinc sakinləri hədəfə alan azğın düşmən üzərində şanlı qələbəsi kimi tarixə düşdü. Həmin hadisələr Azərbaycan xalqının heç vaxt erməni işğalı ilə barışmayacağını, xalqın arzu və istəyini reallaşdıracaq ordumuzun daim döyüşə hazır olduğunu və Ermənistanın silahlı qüvvələrindən nə qədər daha üstün və qüdrətli olduğunu göstərdi.
Ermənistan öz məkrli siyasətindən əl çəkməyərək növbəti təxribata əl atdı. Bəllidir ki, bu gün Ermənistan daxilində dərin siyasi, sosial və iqtisadi böhran yaşanır. Digər tərəfdən isə Azərbaycanın əldə etdiyi diplomatik uğurlar, cənab Prezident İlham Əliyevin Ermənistanın işğalçılıq siyasətini və faşist mahiyyətini beynəlxalq ictimaiyyət qarşısında tutarlı faktlarla işfa etməsi, o cümlədən dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Ermənistan hakimiyyəti öz uğursuzluqlarını ört-basdır etmək və diqqəti yayındırmaq üçün təxribata əl atdı. Ancaq ağılsız Ermənistan hakmiyyəti anlamadı ki, güclü Azərbaycan Ordusuna qarşı təxribat onu daha da çətin duruma salacaq".