Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2020 13:54
"Qarabağ" yeni "transfer bombası"nı partlatmağa hazırlaşır.
Sonxeber.net sportinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu axtardığı yarımmüdafiəçini Cənubi Kiprdə tapıb. Ötən mövsümü APOEL-də keçirən Uros Matiçlə danışıqlar başa çatıb. Bir-iki xırda detal dəqiqləşəndən sonra o, "Qarabağ"la 2+1 illik müqavilə bağlayacaq.
Matiç "Mançester Yunayted"in ulduzu Nemanya Matiçin kiçik qardaşıdı. Nemanyadan 1 yaş balaca olan Uros "Qarabağ"la 6 dəfə üz-üzə gəlib. Bunun ikisi 2017-ci ilə təsadüf edib. Həmin vaxt "Kopenhagen"in şərəfini qoruyan serbiyalı Çempionlar Liqasının təsnifat mərhələsində Azərbaycan çempionuna qarşı forma geyinib.
Ötən sezon isə APOEL-in heyətində öncə ÇL-nın III təsnifat mərhələ oyunlarında, ardınca Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın önünə çıxıb, hətta Bakıdakı görüşdə qol da vurub.
Serb futbolçu Azərbaycana kimi 6 ölkədə legioner həyatı yaşayıb. Slovakiyada ("Koşitse"/2009-2013) 4 il keçirən yarımmüdafiəçi daha sonra Portuqaliyaya yollanıb. 1 il "Benifaka"da (B komandası) çıxış edib.
2014-2016-cı illəri Niderlandda keçirib. "NAC Breda"nın uğurları üçün tər töküb. Növbəti il Avstriyaya üz ututub, "Şturm"da (Qrats) özünü göstərib. 2017-ci ildə Danimarkada peyda olub. "Kopenhagen"də cəmi 1 mövsüm keçirəndən sonra yenidən Avstriyaya dönüb. Bu dəfə Vyana "Austriya"sına. 2019-cu ilin yayında isə APOEL-lə müqavilə bağlayıb.