Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiya şəraitində tətbiq edilən müvəqqəti vergi rejimi

Pandemiya şəraitində tətbiq edilən müvəqqəti vergi rejimi

Tarix: 20 Iyul 2020 22:26

Koronavirus pandemiyasına görə tətbiq olunan karantin rejiminin həyatımızın demək olar ki, bütün sahələrinə göstərdiyi təsir Vergi Məcəlləsində də öz əksini tapıb. Məcəlləyə "Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi" adlı yeni, 18-ci fəsil əlavə olunub.

Sonxeber.net maliyyə üzrə mütəxəssis Vüqar Mirheydərovun sözügedən məsələyə dair şərhini təqdim edir.

V.Mirheydərov qeyd edib ki, bu maddə ilə bütün vergiödəyicilərinə imtiyazlar verilsə də, imtiyaz və güzəştlərin əksəriyyəti Məcəllənin 222.5 maddəsində qeyd olunan iqtisadiyyat sahələrini əhatə edir. Bu sahələrə aiddir:

- avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;

- yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;

- turoperator və turagent fəaliyyəti;

- sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti;

- ictimai iaşə fəaliyyəti;

- sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;

- idman-sağlamlıq obyektlərinin fəaliyyəti;

- hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti;

- koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları istisna olmaqla).

"Beləliklə, yuxarıda sadalanan sahələrdə fəaliyyət göstərən vergiödəyiciləri cari vergi ödəmələri haqqında arayış təqdim etmək və həmin ödənişləri ödəmək məcburiyyətindən cari ilin sonuna kimi azad ediliblər. Bundan əlavə, son bir ildə heç bir fəaliyyət göstərməmiş, lakin indi fəaliyyət göstərən şəxslər də bu öhdəlikdən azad olunublar. Yəni 2020-ci ildə VÖEN alanların cari vergi ödəmələri barədə arayışı təqdim etməsi və hesablanmış cari vergini ödəmələri tələb olunmur. Bir daha qeyd etmək istərdim ki, bu, heç də tamamilə verginin ödənilməsindən azad olunmaq deyil. Sözsüz ki, cari ilin nəticələrinə əsasən mənfəət vergisi (və ya gəlir vergisi) hesablanıb ödəniləcək, sadəcə il ərzində bu verginin avans şəklində ödənilməsinə möhlət verilib. Sadələşdirilmiş vergiödəyicisi olan mikro sahibkarlıq subyektləri 2020-ci ilin birinci və ikinci rübü üçün sadələşdirilmiş vergi bəyannamələrini təqdim edə və onlarda hesablanmış vergi ödənişlərini cari ilin sentyabrın 1-dək ödəyə bilərlər".

O, eyni zamanda vurğulayıb ki, əlavə olaraq, Vergi Məcəlləsinin 222.5 maddəsində göstərilən şəxslərə aşağıdakı güzəştlər verilib:

- əmlak vergisi və torpaq vergisindən tam azadolma;

- fiziki şəxslərin əldə etdikləri mənfəətin (gəlirin) 75 faizi gəlir vergisi və ya mənfəət vergisindən azadolması;

- ölkə daxilində avtomobil nəqliyyatı sahəsində və ictimai iaşə sahəsində fəaliyyət göstərən şəxslər üçün sadələşdirilmiş vergi dərəcəsinin 50 faiz azaldılması;

- Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən sadələşdirilmiş vergiödəyicisi hüququndan istifadə edən şəxslərə bu Məcəllənin 220.1-ci maddəsində göstərilən dərəcə ilə hesablanan sadələşdirilmiş verginin məbləği 50 faiz azaldılması,

- əhalinin sağlamlığını və qida məhsullarına olan ehtiyacını təmin etmək üçün müəyyən mal növlərinin ƏDV-dən azad edilməsi;

- ödəniş mənbəyindən tutulan vergi fiziki şəxslərdən icarəyə götürülmüş daşınmaz əmlak üçün icarə ödənişlərindən 50 faiz azaldılması (yəni indi icarə ödənişlərindən 14 faiz deyil, 7 faiz vergi ödəniləcək);

- 222.5 maddədə göstərilən şəxslərə bu il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək vergi öhdəlikləri üzrə faizlərin hesablanmasının tətbiq edilməməsi.


Etiketlər:  Pandemiya şəraitində tətbiq edilən müvəqqəti vergi rejimi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ