Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2020 21:28
"Sevinc Osmanqızı, əgər atanızı tanımasaydım, sizin azərbaycanlı olduğunuza şübhə edərdim".
Sonxeber.net Day.Az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yaydığı videomüraciətində deyib.
Əməkdar artist onun Amerikada və digər ölkələrdə ermənilərin azərbaycanlılara hücum etməsinin günahını soydaşlarımızda görməsini qəzəblə qarşılaşdığını bildirib:
"Sizin daima hökumətlə davanız olub və bu dava davam edir də. Siz azad insansınız və sözünüzü hökumətə bildirirsiniz və hökumət də ya cavab verir, ya da sizə heç əhəmiyyət vermir. Bu, tamamilə başqa mövzudur. Mən siyasətçi deyiləm və siyasətlə də məşğul olmaq fikrim yoxdur. Sizə bir neçə kəlmə sözüm var. Siz azərbaycanlı qızısınız. Əgər atanız Osman Mirzəyev olmasaydı, onu tanımasaydım, hörmətim olmasaydı, buna şübhə ilə yanaşardım. Onun necə gözəl ziyalı olduğunu şəxsən bilirəm. Lakin çox təəssüf ki, şəhid Osman Mirzəyevin qızı gedib Amerikada rahat oturub, düşündüklərini rahat həyata keçirsin deyə öz millətini, xalqını düşmənin ayağına verir. Sizin Amerikada millətimizə daş atanlardan heç bir fərqiniz olmadı. Əksinə, siz bizi daha betər ağrıtdız, yandırdınız. Özü də təkcə 5-10 nəfəri deyil, bütün Azərbaycanı".
Aybəniz Haşımova daha sonra qeyd edib:
"Azərbaycanlılar sizin dediyiniz kimi hücumçu, təcavüzkar, üsyançı olsaydı, Ermənistanda Xocalı soyqırımı kimi bir faciə törədərdilər. Halbuki azərbaycanlılar zamanında erməniləri başları üstə tutublar. Ömür boyu ermənilər Azərbaycanın ən gözəl yerlərində yaşayıb. İndi necə oldu ki, azərbaycanlıları vəhşi, üsyankar adlandırırsan?! Sən heç Allahdan qorxmadınmı? Sənin Zori Balayanla nə fərqin var?!"
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin son günlər cəbhədə və Azərbaycanla sərhəddə gərginliyi daha da artırdığı, təxribatlar törətdiyi, ermənilərin dünyanın bir sıra ölkələrində həmvətənlərimizə qarşı hücumlar təşkil etdiyi bir vaxtda jurnalist Sevinc Osmanqızı düşməni müdafiə edən fikirlər səsləndirib. O, ermənilərin Azərbaycan səfirliklərinə və həmyerlilərimizə hücumlarının günahını azərbaycanlılarda görüb. Şəhid Osman Mirzəyevin qızı olan jurnalistin bu fikirləri həmvətənlərimiz tərəfindən böyük qəzəblə qarşılanıb.