Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2020 15:02
Özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyindən də faydalana bilər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, bunun üçün onlar elektron platforma və Ərazi Məşğulluq Mərkəzləri ilə yanaşı, Bakı şəhəri və ölkə regionlarında fəaliyyət göstərən KOB dostlarına da müraciət edə bilərlər.
İndiyədək 300-dək vətəndaş KOB dostlarının bu istiqamətdə dəstəyindən faydalanıb. Onlara proqrama qoşulmaq üçün müvafiq qaydalar, lazım olan sənədlər barədə informasiya, Ərazi Məşğulluq Mərkəzləri ilə əlaqələndirmə, elektron sistemdə qeydiyyatdan keçmək üçün texniki dəstək göstərilib.
Həmçinin, KOBİA proqrama qoşulmuş vətəndaşlar üçün təlimlərin təşkili, proqrama uyğun gələn vətəndaşların təsərrüfatına baxış, onlara aktivlərin (mal, material və digər əmlak) verilməsi proseslərində də aktiv iştirak edir. Özünüməşğulluq proqramını uğurla başa vurmuş vətəndaşlar növbəti mərhələdə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün də KOBİA-nın dəstək və xidmətlərindən istifadə edirlər.
Özünüməşğulluq proqramı mikro və kiçik sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün əlverişli imkanlar yaratdığından vətəndaşların bu proqrama müraciət etmək imkanlarının genişləndirilməsi məqsədilə 2019-cu ildən KOBİA ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq həyata keçirilir.