Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2020 19:44
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Baş Assambleyasının onlayn formatda 55-ci plenar iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev, quruma üzv ölkələrin - Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Albaniya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Serbiya, Ermənistan nümayəndələri iştirak ediblər.
Azərbaycanı iclasda Milli Məclisin deputatları - QDİƏT PM sədrinin müavini, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və nümayəndə heyətinin üzvü Eldar İbrahimov təmsil ediblər.
Sessiya çərçivəsində QDİƏT Parlament Məclisi Baş Assambleyasının 62-ci Büro iclası keçirilib. Sonra qurumun Daimi Komitəsinin 55-ci iclası işə başlayıb. Daha sonra plenar iclasın açılışı olub. QDİƏT PM-nin hazırki sədri, Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze açılış nitqi ilə iştirakçıları salamlayıb.
QDİƏT PM sədrinin müavini, Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyevin sədrliyi ilə keçən plenar iclasda tədbirin gündəliyi qəbul edilib, 2019-cu il 20-21 noyabr tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş 54-cü plenar iclasın protokolu təsdiqlənib, qurumun fəaliyyəti barədə hesabat dinlənilib.
Nümayəndə heyətlərinin yeni üzvlərinin seçilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin 6 nəfərdən ibarət yeni tərkibi təsdiqlənib. Əvvəl nümayəndə heyətimiz 5 üzvdən ibarət olub.
Sessiyada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) fəaliyyəti barədə məlumat verilib. Məlumatı QDİƏT Daimi Beynəlxalq Katibliyinin Baş katibinin birinci müavini Ebru Barutçu Gökdenizler təqdim edib.
Toplantıda QDİƏT Parlament Məclisi sədrinin müavinləri seçilib.
Sonra tədbirdə müxtəlif mövzularda məruzələr, müvafiq tövsiyələr dinlənilib və müzakirələrdən sonra qəbul edilib.
Serbiya nümayəndə heyətinin rəhbəri İqor Beçiç "Avropa və Asiyanı birləşdirən layihələrin reallaşdırılmasında qanunvericilik dəstəyi (Bir Kəmər - Bir Yol)" mövzusunda məruzə edib. Məsələyə dair tövsiyəni Hüquqi və siyasi məsələlər komitəsinin sədri Mixail Yemelyanov (Rusiya) təqdim edib.
Yunanıstan nümayəndə heyətinin üzvü Sofiya Vultepsi "QDİƏT-ə üzv ölkələrdə maliyyə texnologiyalarının inkişafı" mövzusu ilə çıxış edib. İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin sədri Konstantin-Ketelin Zamfira (Rumıniya) mövzu ilə bağlı tövsiyəni təqdim edib.
Rumıniya nümayəndə heyətinin üzvü İoan Vulpesku "QDİƏT-ə üzv dövlətlərdə tarixi səhiyyə müəssisələrinin qorunması və onların müasir dövrdə rolu" mövzusunda çıxış edib. Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri Mətin Gündoğdu (Türkiyə) müvafiq tövsiyəni təqdim edib.
Yığıncaqda, habelə, 2019-cu maliyyə ili üzrə Auditor Hesabatı verilib. Baş Assambleyanın 2020-ci il payız sessiyasının vaxtı, yeri və gündəliyi ilə bağlı məsələyə də baxılıb.
İclasın sonunda quruma sədrlik rotasiya üsulu ilə Yunanıstana təhvil verilib.
Bununla da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyası öz işini başa çatdırıb.