Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2020 22:56
İnstaqram, Feysbuk, Tiktok, Snapchat və digər sosial şəbəkələr startap kimi fəaliyyətə başlasalar da, artıq dünyanın nəhəng texnologiya şirkətlərinə çevriliblər. Çoxları xəbərsiz olsa da, Azərbaycanda da yerli sosial şəbəkələr mövcud olub. Amma bu şəbəkələr maliyyə çatışmazlığı, düzgün olmayan strategiya və digər səbəblərdən bazarda məğlub olublar.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Azərbaycanda Equby adlı sosial şəbəkə olub. Equby 2018-ci ilin fevralında fəaliyyətini bir qədər dondurmaq məcburiyyətində qalıb.
Daha sonra səlahiyyətli şəxslər şəbəkənin adını dəyişərək Friendpy adı altında 2018-ci ilin avqustuna qədər fəaliyyət göstəriblər. Avqustdan sonra şəbəkə işini tamamilə dayandırıb. Hazırda ölkəmizdə belə bir sosial şəbəkə fəaliyyət göstərmir. Friendpy-nin məğlubiyyətinin əsas səbəbi isə maliyyə çatışmazlığı olub. Xatırladaq ki, 2018-ci ilin fevralında sözügedən sosial şəbəkədə artıq 100 min istifadəçi qeydiyyatdan keçmişdi. Amma onların 70-80%-i qeydiyyatdan keçdikdən sonra şəbəkəni birdəfəlik tərk ediblər.
Bir müddət sonra Friendpy ilə paralel olaraq Fristack adlı sosial şəbəkə də fəaliyyətə başlayıb. Lakin o da bir qədər sonra fəaliyyətinə son verməli olub.
Digər platforma Sosial.az da yerli şəbəkə kimi uğur qazana bilməyib. 6 ay ərzində şəbəkəyə 50 min istifadəçi toplanıb. Amma maliyyə problemləri onun fəaliyyətinə son qoymalı olub.
Azərbaycanda Yumroo adlı sosial şəbəkə yaradılıb və inkişaf etmədən bağlanıb. Yumroo hazır platformalar üzərində qurulub. Kifayət qədər reklam olunsa da, effektiv nəticə verməyib.
Ölkəmizdə ilk yerli sosial şəbəkə isə MənimDay.az platformasıdır. Bu şəbəkədə dostlar tapmaq, həmçinin yeni insanlarla tanışlıq, yazışmaq, şəkillərini paylaşmaq və digər maraqlı ünsiyyət formaları birləşib. Yerli şəbəkədə, həmçinin istifadəçilərin fotolarının qiymətləndirilməsi, maraqlı ünsiyyət formaları, bir-birilərinə hədiyyələr göndərmək, digər iştirakçıları yaxından izləmək, bonuslar toplayıb ən yaxşıların Top-100 siyahısına seçilmək kimi imkanlar da mövcud olub.
İllər öncə Azərbaycanda Venu adlı bir sosial video paylaşım şəbəkəsi də yaradılıb. Yalnız Azərbaycan üçün nəzərdə tutulmayan həmin şəbəkənin bir müddət öncə test mərhələsində olduğu deyilsə də, o qədər də məşhurlaşmayıb. Deyilənə görə, bu sosial şəbəkədə İnstaqramdakı hekayə formasında bir dəqiqəlik video və ya şəkil paylaşmaq mümkündür, amma bu paylaşımlara cavab video və ya şəkil formasında verilir.