Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlin ''quyruq doğdu'' dövrü

İlin ''quyruq doğdu'' dövrü

Tarix: 7 Avqust 2020 00:34

Əsrlərdən bəri xalqımızın təqvimində "quyruq doğdu" adlandırılan bir dövr özünəməxsusluğu ilə seçilir. Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bəzi mənbələrdə bu dövrün avqust ayının 5-6-na təsadüf etdiyi və yayın yarı olduğu dövrü əhatə etdiyi vurğulanır.

"Quyruq doğdu", yoxsa "quyruq dondu"?

Maldarlıq təsərrüfatında ilin bu dövrü "quyruq dondu" adlandırılır. Səbəb isə bununla izah edilir: deyirlər ki, hava sərin olduğu üçün yaylaqda kəsilən heyvanın quyruğu əridildikdən sonra donur. Ancaq tədqiqatçıların fikrincə, yaylaqda əridilmiş quyruq yağının donması vaxtını "quyruq donqu" ifadəsi ilə eyniləşdirmək yanlışdır. Çünki müxtəlif illərdə iqlimdə eyni vaxtda istiliyin fərqli olması, yaylaqların dəniz səviyyəsindən hündürlüyü dəqiq vaxt təyin etməyə imkan vermir. "Quyruq doğdu" isə konkret astronomik vaxtdır ki, hər il, eyni zamanda, baş verir.

Xalqımızın uzunmüddətli müşahidəsinə görə, "quyruq doğdu"dan sonra yaylaqda dəvələr üzü arana tərəf yatır. Bununla da artıq maldarlar havaların soyuduğunu, arana köçməyin vaxtının gəlib çatdığını bilirdilər.

Tədqiqatçıların əksəriyyəti məşhur Azərbaycan təbiətşünası, maarifçi-alim Həsən bəy Zərdabinin 1905-ci ildə yazdığı "Quyruq doğdu, çillə çıxdı" məqaləsinə istinad edirlər. Həsən bəy Zərdabiyə görə, elə ulduz var ki, ilin bir vaxtında görünür, qeyri-vaxtlarda görünmür və bir də ulduzlar çox olduğundan onları bir-birindən ayırmaqdan ötrü hər bir dəstəyə oxşadığı bir əşyanın, ya da heyvanın adını qoyurlar ki, onları tanımaq asan olsun. Onların bir dəstəsinə quyruq deyiblər. Həqiqətən, onun heyvan quyruğuna oxşarı var.

Quyruğa oxşayan ulduz dəstəsi

"Azərbaycan etnoqrafiyası" kitabında yazılıb: "Alimlər araşdırmalar nəticəsində göstəriblər ki, "quyruq doğdu" ifadəsi Buğa bürcündəki ulduz topası ilə bağlı yaranmışdır. H.Zərdabinin yazdığı "quyruğa oxşayan ulduz dəstəsi" Buğa bürcündəki Ülkər ulduzlarıdır. Azərbaycanda həmin ulduzlara "Xodək-garvan" və ya "Şamtərəzi" deyirlər". Bunların Buğa bürcündəki Ülkər ulduzları olduğu həqiqətdir. Lakin bunun "quyruq doğdu"ya aidiyyəti yoxdur.

Etnoqraf Qəmərşah Cavadov "Əkinçilik mədəniyyətimizin sorağı ilə" kitabında yenə də Həsən bəy Zərdabinin məqaləsindən istifadə edir. O bildirir ki, əhali yayın yarıdan keçməsini Azərbaycanın müxtəlif zonalarında "Ülkər", "Şamtərəzi", "Xodək-garvan" və "Quyruq doğdu" adları ilə məlum olan ulduzların görünməsi ilə müəyyən edib.

"Sirius" ulduzundan gələn mesaj

Ülkər ulduzları Naxçıvanda iyun ayının 2-də görünür. Etnoqraf Asəf Orucov da "Xalq təqvimi" kitabında Ordubaddan topladığı çöl materialları əsasında bunu təsdiq edir. Müəlliflərin qeyd etdikləri "Xodək-garvan", "Şamtərəzi", "Ülkər ulduzları" fərqli ulduzlardır və bunlardan "quyruq doğdu"ya yalnız "Şamtərəzi" aiddir. (Naxçıvanda buna "Mizan tərəzi", Ordubadda "Arşın tərəzi" deyirlər). Hər kəs avqustun 5-i və sonrakı günlər sübh vaxtı Şərq tərəfə baxarsa, bir-birindən, təxminən, 1,5-2 metr aralı, bir xətt üzrə düzülmüş 3 böyük ulduzu görər. Bu ulduzlar Böyük Köpək bürcünə aiddir. Həmin bürcün quyruğunun ucunda olan çox işıqlı "Sirius" ulduzu göründükdə, buna "quyruq doğdu" (göründü) deyirlər. Bir xətt üzrə düzülən üç, çəpəki daha iki işıqlı ulduz vardır ki, bu beş ulduzun quruluşu tərəziyə oxşayır. Ona görə də buna "Mizan tərəzi" deyirlər.

Tədqiqatçılara görə, Naxçıvanın bəzi bölgələrində bu dövrə bəzən "quyruq doldu" da deyirlər. Ancaq "quyruq doldu", "quyruq dondu" ifadələri payızın yarı olduğu dövrə aiddir. Eybalı Mehrəliyev də "Xalq coğrafi terminləri lüğəti"ndə bu ifadələrin noyabr ayının əvvəlinə aid olduğunu qeyd edir.

Yayın sərinlik dövrünün şah balı

Mərhum tədqiqatçı-jurnalist Zaleh Novruzov mövzu ilə bağlı məqalələrində qeyd edib ki, "quyruq doğan" dövr isə xalq təqvimində "qora bişirən ay"ın içərisindədir (15 iyul - 15 avqust). "Quyruq doğdu"dan sonra iqlimdə sərinləmə başlayır, axar sular soyuyur. Xalq inanclarına görə, "quyruq doğdu"dan sonra mineral sular müalicəvi əhəmiyyətini itirir. Bir də ağaclar yarpağını tökdükdən sonra müalicəvi əhəmiyyəti bərpa olunur.

Qışa hazırlıq dövrü

Tədqiqatçı qeyd edib ki, arıçılıq təsərrüfatında da ilin bu dövrünün özünəməxsus yeri var. Belə ki, peşəkar arıçıların dediyinə görə, "quyruq doğana" qədər balı kəsməzlər, çünki bu vaxta qədər bal sulu olur, tez süzülsə, turşuyar. Sahələrdən küləşi də bu dövrdən sonra yığırlar. Çünki axşamlar artıq şeh düşür, küləş quru olmadığı üçün asan toplanır. Bu dövrdə quzular qırxılıb sürüyə qatılardı. Həmçinin həmərsin, mərmərik (çöl gilənarı) meyvələrində qızarma başlayır ki, bu da xalq təqvimində bir dövr hesab edilir. Bu dövrdə həm də küləş götürüldükdən sonra şum işinə başlanılırdı. Bir sözlə, "quyruq doğdu" ifadəsi qışa hazırlığın başladığı dövr hesab edilir.


Etiketlər:  İlin quyruq doğdu dövrü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ