Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ombudsmanın təşəbbüsü ilə psixoloji dəstək xarakterli yeni layihəyə start verilib - FOTO

Ombudsmanın təşəbbüsü ilə psixoloji dəstək xarakterli yeni layihəyə start verilib - FOTO

Tarix: 17 Avqust 2020 16:14

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında "Briut" Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə cəbhə bölgəsində yaşayan insanlara psixoloji dəstək xarakterli yeni layihəyə start verilib.

Ombudsman Aparatından Sonxeber.net-a verilən məlumata görə, layihə Ermənistan ilə həmsərhəd olan cəbhə bölgəsində yerləşən rayonlarda yaşayan mülki əhalinin, xüsusilə də həssas qrupdan olan uşaqların erməni hərbçiləri tərəfindən mütəmadi olaraq atəşkəs rejiminin pozulması, eləcə də törədilən hərbi təxribatlar nəticəsində mənfi təsirlərə məruz qalmış psixoloji vəziyyətlərinin bərpa edilməsi, psixoloji dəstək xarakterli təlim və tədbirlərin keçirilməsi məqsədi daşıyır.

Layihə çərçivəsində 15 avqust 2020-ci il tarixində Qazax Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə "Briut" Tibb Mərkəzinin rəhbəri Zeynəbxanım Səmədova, mütəxəssisləri Leyla Həsən-Zadə, Təhmasib Cavadzadə və Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları Səbuhi Abbasov, Emil Şəmmədli Qazax rayon Gənclər Mərkəzində, eləcə də Qazax rayonunun cəbhə xəttində yerləşən, erməni hərbçiləri tərəfindən atəşkəs rejiminin müntəzəm olaraq pozulduğu rayonun kəndlərinə səfər edərək psixoloji dəstəyə ehtiyacı olan yetkinlik yaşına çatmayanları qəbul ediblər, həmçinin şəhid ailələri ilə görüş keçirilib.

Psixoloji dəstək layihəsi çərçivəsində keçirilən görüşlər zamanı Qazax rayonunda və rayonun cəbhə xəttində yerləşən kəndlərində yaşayan yetkinlik yaşına çatmayanların, xüsusilə də ibtidai sinif şagirdlərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin mütəmadi olaraq pozulması və törədilən təxribatlar nəticəsində daim psixoloji gərginliyə məruz qaldıqları müşahidə olunub. Bu hal insan hüquqlarına dair beynəlxalq sənədlərin, beynəlxalq humanitar hüquq normalarının, xüsusilə də BMT-nin Uşaq hüquqları Konvensiyasının müvafiq maddələri ilə təsbit olunmuş uşaqların sağlam inkişaf etmək hüquqlarının kobud pozuntusu kimi qiymətləndirilməlidir. Görüşlər zamanı "Briut" Tibb Mərkəzinin mütəxəssisləri tərəfindən atəşkəsin pozulması nəticəsində psixi gərginlik keçirən yetkinlik yaşına çatmayanlara və onların valideynlərinə tibbi-psixoloji məsləhətlər və tövsiyələr verilib.

Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları görüşlər zamanı yetkinlik yaşına çatmayanlara COVID-19 infeksiyasından qorunmaq məqsədilə maarifləndirici buklet və digər vəsaitlər paylayaraq şəxsi gigiyena normalarına və sosial məsafənin saxlanılması qaydalarına əməl etməyin vacibliyini diqqətə çatdırıbar. Eyni zamanda, Qazax rayonunun Bala Cəfərli və Məzəm kəndlərinin sakinləri ilə söhbətlər aparıblar. Sakinlərlə görüşlər zamanı iyul ayında dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq ölkəmizin mövqelərini, o cümlədən dinc mülki əhalinin yaşayış yerlərini atəşə tutmasının həm hərbi qulluqçular, həm də mülki əhali arasında ölüm və yaralanma hallarının baş verməsi nəticəsində pozulmuş fundamental insan hüquqlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə Müvəkkil tərəfindən görülmüş işlər haqqında məlumatlar verilib.

Layihə çərçivəsində keçirilmiş görüşlər sakinlər tərəfindən məmnunuluqla qarşılanıb, cəbhə xəttində yerləşən kəndlərdə yaşayan əhalinin psixoloji sağlamlıq durumlarının yaxşılaşdırılması məqsədilə irəli sürülmüş faydalı təşəbbüsün mühüm əhəmiyyətə malik olduğu qeyd edilib.


Etiketlər:  Ombudsmanın təşəbbüsü ilə psixoloji dəstək xarakterli yeni layihəyə start verilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ