Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2020 13:12
Bakı. Trend:
Avropa İttifaqının “Azərbaycanda ekoloji xarakterli fövqəladə hallar üzrə 3-cü dövr yeni magistratura səviyyəsini dəstəkləyən innovativ təlim mərkəzi” (ITACA) Bakı Ali Neft Məktəbində (BANM) qurulacaq. ITACA qrant layihəsi çərçivəsində tərəfdaş universitetlər arasından bütün meyarlara uyğun gəldiyi üçün təşkilatçılar tərəfindən İnnovativ Təlim Mərkəzinin BANM-də yaradılmasına qərar verilib.
Tədris Mərkəzi sənaye ilə akademik qurumlar arasındakı əməkdaşlıq vasitəsilə magistraturadan sonra bir illik kursların layihəsini hazırlayıb inkişaf etdirəcək.
Məlum olduğu kimi, Azərbaycanda mövcud ali təhsil sistemində PhD kurslarından fərqli olan magistraturadan sonrakı dövrü əhatə edən bir illik tədris mövcud deyil, halbuki Avropa Birliyində, xüsusilə ekologiya və ətraf mühit elmləri, mühəndislik sahəsində bu cür təhsilin uğurlu olduğu sübut edilib. Universitetlər və sənaye sahələri arasında körpü rolu oynayan bu yeni təhsil növü tədrisin keyfiyyətinə, ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində yaranan problemlərin həllinə kömək edə bilər. Mərkəzdə Avropa universitetlərinin təcrübəsinə əsaslanaraq yerli ali təhsil sisteminin modernləşməsinə imkan verən innovativ tədris metodologiyası, ətraf mühitin bərpası və tullantıların idarə olunması sahəsində yeni qabaqcıl texnologiyalar tətbiq ediləcək.
Məlumat üçün bildirək ki, ITACA layihəsi Xəzər dənizinin neft çıxarılan regionlarında durğun suların reabilitasiyası ilə məşğul olan xüsusi ixtisaslaşmış magistr kadrlarının hazırlanması, eyni zamanda bu sahədə analiz aparan və çirkabların təmizlənməsi texnologiyası ilə məşğul olan yeni Təlim Mərkəzinin yaradılmasını nəzərdə tutur.
2019-2022-ci illəri əhatə edəcək layihə İtaliyanın La Sapienza Universitetinin koordinatorluğu ilə reallaşdırılacaq. Eyni zamanda layihə Danimarkanın Aalotg, İspaniyanın Qranada, Yunanıstanın Patras universitetləri, Almaniyanın “Argus Umweltbiotechnologie GmbH" şirkəti, eləcə də Bakı Ali Neft Məktəbi, Azərbaycan Memarlıq və İnşaat, Bakı Mühəndislik və Bakı Dövlət universitetləri tərəfindən həyata keçiriləcək.
Layihənin hədəfi tələbələrin əmək bazarına daxil olmasına yeni imkanlar yaratmaq, yerli şirkətlərdə çalışan texniki işçilərin əmək və rəqabət qabiliyyətlərinin artırılmasına töhfə vermək, eləcə də neft-qaz hasilatı nəticəsində mənfi təsirlərə məruz qalan torpaq və suyun təmizlənməsi, tullantıların idarə olunması sahəsində ali təhsilin, məşğulluğun, sahibkarlıq qabiliyyətinin yaxşılaşdırılmasıdır.