Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2020 21:12
Uşaqları oyuncaqsız təsəvvür etmək mümkün deyil. Azyaşlılar günün çox hissəsini oyuncaqla keçirirlər. Oyuncaqları necə seçmək lazımdır? Oyuncaq alanda nələrə diqqət olunmalıdır?
Sonxeber.net e-tibb.az-a istinadən həkim-pediatr Günay Rəsulovanın məqaləsini təqdim edir:
Oyuncaq uşaqların gələcək düşüncələrinin və addımlarının təməlidir. Bu səbəbdən onlara oyuncaq seçərkən aşağıdakı nüanslara mütləq diqqət edilməlidir:
1. İlk yaş dövründə uşaq ətraf mühitlə aktiv surətdə tanış olur: sındırır, tullayır. Buna görə də, körpə üçün oyuncaqlar onun yeməyi qədər zərərsiz olmalıdır. Körpəyə oyuncaq alarkən onun zəhərli maddələrdən hazırlanmadığına fikir verilməlidir. Çünki uşağın ilk işi oyuncağı dişləməkdir.
2. Oyuncaq böyük, yuyulması rahat olmalıdır. Üzərində təhlükəsizlik sertifikatının olmasına fikir verilməlidir.
3. Yaxşı oyuncaq özündə bir neçə funksiyanı birləşdirməlidir. Rəngi zehnə təsir etməli, əlvan olmalıdır. Fərqli səslər çıxaran oyuncaqları 2 yaşdan sonra almaq məsləhətdir.
4. Çalışın, oyuncaq reallığı əks etdirsin. Uşağa çəhrayı qurbağa, yaşıl fil və ya fantastik avtomobil fiqurları almayın. Yoxsa o, 5 yaşı tamam olana qədər qurbağanın çəhrayı rəng olduğunu düşünəcək. Həmçinin oyuncaq mülayim olmalı, aqressiya doğurmamalıdır. Uşağa oyuncaq seçərkən onun maraqlarını nəzərə almaq mütləqdir. İlk vaxtlar valideyn uşaqla birlikdə oyuncaqla oynamalıdır. 2 yaşa qədər olan uşaqlar ancaq 15-30 dəqiqə oyuncaqla sərbəst oynaya bilərlər.
5. Oyuncaq seçərkən bir diqqət edilməli məqam da uşağın xarakter tipidir. Adətən sakit təbiətli uşaqla nadinc, hiperaktiv uşağın maraq göstərdiyi oyuncaqlar eyni olmur.
6. Oyuncaq alarkən diqqət edilməli ən vacib qayda isə üzəri tüklü, elektrikli, xırda konstruktorlara ayrıla bilən oyun vasitələri qətiyyən seçilməməsidir.