Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıdan Afinaya ciddi xəbərdarlıq - Gizli oyunun görünən üzü

Bakıdan Afinaya ciddi xəbərdarlıq - Gizli oyunun görünən üzü

Tarix: 3 Sentyabr 2020 14:54

Prezident İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən söylədiyi fikirlər Azərbaycanın milli maraqlarının ən vacib məsələ olduğunu bir daha nümayiş etdirdi. Prezident bu çıxışı zamanı yeni təyin olunmuş səfiri vasitəsilə Yunanıstana çox ciddi mesajlar verdi.

Nitqində gələcəkdə Afina ilə əməkdaşlığı necə planlaşdırmaq barədə düşündüyünü açıq şəkildə ifadə edən Prezident, bir növ bu müraciəti ilə Helen Respublikasının ikili standartlardan əl çəkib, nə istədiklərini, mövqelərini aydın şəkildə ifadə etmələri üçün bir şans tanıdı.

Dövlət başçısının yeni səfirə Yunanıstanın "DESFA" şirkəti üstündə qurulan oyundan Azərbaycandan 40 milyon avronu mənimsəmələri barədə dedikləri isə əsl diplomat silləsi oldu. Yunanıstanın əvvəlki hökumətinin SOCAR-ın "DESFA"ya sahib olmaq hüququnu itirməsi üçün hər yola əl atması Azərbaycan dövlətinin onlara necə cavab verəcəyi barədə ciddi düşünməsinə səbəb oldu. Belə ki, digər yandan da Yunanıstanın Kiprlə birlikdə Azərbaycan ərazilərini işğal edərək etnik təmizləmə siyasəti həyata keçirən, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etməyən Ermənistanla hərbi əməkdaşlıq qurmaları faktı yunan səfirə xatırladıldı.

Əslində Tovuz döyüşləri Azərbaycanın xarici diplomatiyasında müəyyən korrektəyə səbəb oldu. Ermənistan Silahlı Qüvvələrinin Tovuzla sərhəddəki təxribatından dərhal sonra Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə intensiv şəkildə çoxsaylı yük reyslərinin təşkilinin davam etməsi bu korrektənin əsas səbəblərindən biri idi. Faktdan duyuq düşən Prezident İlham Əliyevin Putinə dərhal telefon zəngi və Ermənistanı silahlandırmaqları haqda haqlı narahatlığını dilə gətirməsinin ardından eyni etiraz yunan səfirin qəbulu zamanı qeyd edilib. Bununla da ölkə başçısı Yunanıstanla əlaqələr kontekstində növbəti dəfə ölkəmizin qətiyyətli mövqeyini ortaya qoymuş oldu. 

Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginliklə dövlət başçısının Azərbaycanın mövqeyi barədə söylədikləri isə, açıq mübarizəyə çağırış idi. Əslində bu, Prezidentin Tovuz döyüşləri zamanı Türkiyənin Azərbaycana açıq dəstəyinə verilən dəstək cavab idi. Heç nəyi gözə almadan Türkiyənin mübahisə zonasında olduğu dövlətin diplomatına "Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik" deyilməsi qətiyyətlilik nümunəsidir. Azərbaycanın mövqeyini açıq şəkildə ortaya qoyan Prezident İlham Əliyev bu çıxışı ilə Ermənistana yardım edən, onlarla blok yaradan dövlətləri açıq mübarizəyə dəvət edib.

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Bakıdan Afinaya ciddi xəbərdarlıq Gizli oyunun görünən üzü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ