Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2019 15:40
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda kənd təsərrüfatı sahəsində bir sıra mallar və məhsullar vergi ödəməkdən azad edilir.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Hazırda kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğular, maşın, avadanlıq və texnikaların idxalı və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib.
Məcəlləyə təklif edilən yeni əlavəyə görə, kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğularla yanaşı, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilmiş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışına görə ƏDV tutulmayacaq.
Qanun layihəsi ölkədə suvarma təyinatlı kənd təsərrüfatı texnikası, avadanlıqlar və onların ehtiyat hissələrinin istehsalının stimullaşdırılmasına, kənd təsərrfüatı texnikalarının saz vəziyyətdə saxlanmasına, texnika və onların ehtiyat hissələrinin qiymətlərinin optimallaşdırılmasına, son nəticədə aqrar sektorun dəstəklənməsinə xidmət edəcək.
Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin