Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş infeksionist: Rayonlara gedənlər qaydalara əməl etsə...

Baş infeksionist: Rayonlara gedənlər qaydalara əməl etsə...

Tarix: 8 Sentyabr 2020 15:00

Rayonlara gediş-gəlişin açılması ölkədə koronavirusun yayılma səviyyəsinə ciddi təsir etməyə bilər.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

O qeyd edib ki, ölkədə tətbiq edilən sərt karantin qaydalarında yumşalmalar olsa da, insanlar hər an ehtiyatlı olmalıdır: "Ümid edirəm ki, yumşalmalar, rayonlara gediş-gəlişin bərpası virusun yoluxmasını artırmaz. Yoluxmanın yayılması insanların qaydalara nəzarət etməməsindən irəli gəlir. Əgər insanlar qaydalara əməl edərlərsə, məsafə saxlayarlarsa, bu halda yoluxma arta bilməz. Bunu da insanlar dərk etməlidirlər. Bu gündən yollar açılıb, insanlar rayonlara gedib-gəlirlər. Amma bu o demək deyil ki, insanlar rayonda qapı-qapı bütün evlərə getməlidirlər, ara məsafəsi saxlamalı deyillər. Bütün hallarda tətbiq edilən qaydalara riayət olunmalıdır. Qaydalara görə, insanlar öz şəxsi avtomobilləri ilə ailə üzvləri ilə birlikdə rayonlara gedir. Sadəcə həmin ailə rayonda qohum-əqraba ilə çox təmasda olmasalar, başqa qohumları ilə telefonla əlaqə saxlasalar, yoluxma artmayacaq. Digər tərəfdən, rayon yerində sıxlıq müşahidə olunmur. Və həmin ailələr qaydalara əməl etsələr, yoluxma sayında artım olmayacaq".

C.İsayev bildirib ki, rayonlara taksi ilə gediş-gəlişdə təhlükə ola bilər: "Yəni əgər rayonlara sərnişin daşıyan taksiyə 4 müxtəlif şəxs minərsə, bu halda qismən təhlükə ola bilər. Amma bu halda da vətəndaşlar diqqətli olmalıdırlar. Özlərində hər hansısa bir simptom hiss edən şəxs taksi ilə rayona getməməlidir. Bir sözlə, Bakıda bu qaydalara necə nəzarət edilirsə, elə rayonlarda da eyni səviyyədədir. Rayona gedən insanla xüsusi söhbətlər aparılmalıdır. Guya karantin dövründə insanlar rayonlara getmirdi? Ezamiyyət və ya hansısa bir işlə əlaqəli insanlar rayonlara gedib-gəlirdi. Onlar qaydalara rayonda da əməl etdikləri üçün yoluxmalar artmırdı. İndi də eyni qaydalara riayət olunsa, yoluxma nəinki artmayacaq, əksinə azalacaq".


Etiketlər:  Baş infeksionist Rayonlara gedənlər qaydalara əməl etsə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ