Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2020 08:44
Hazırda Çin beşinci nəsil mobil rabitə şəbəkələrinin yayılması tempinə görə bütün ölkələri üstələyir. İlin sonunadək ölkədə 500 min "5G" baza stansiyasının qurulması planlaşdırılıb. Artıq Çin qarşıya qoyulan vəzifənin 96 faizini yerinə yetirib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, bu gün Çində istismara verilən "5G" baza stansiyalarının sayı 480 mini ötüb. Koronavirus pandemiyasının tüğyan etməsinə baxmayaraq ölkədə böhran dövründə iqtisadiyyatın gücləndirilməsi və iqtisadi artımın stimullaşdırılması davam edib. Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin direktoru Ven Kunun sözlərinə görə, Çinin materik hissəsində "5G" şəbəkələrinə 100 milyon qurğu qoşulub.
Bundan başqa, Sənaye və İnformasiya Texnologiyaları naziri Syao Yatsin qeyd edib ki, ölkədə beşinci nəsil mobil rabitə şəbəkəsi istifadəçilərinin sayı 60 milyondan çoxdur. Onun sözlərinə görə, "5G" ən yüksək məlumat ötürmə sürəti təklif edir. Texnologiya "Əşyalar interneti" (IoT), sürücüsüz avtomobillər, "ağıllı" şəhərlər və yeni mobil əlavələr üçün "birləşdirici toxuma" adlandırılır.
Çinin "Xiaomi", "Huawei", "Realme" və s. kimi smartfon istehsalçıları da "5G" texnologiyasının populyarlaşdırılmasında vacib rol oynayırlar. Artıq qiyməti 150 dollar (məsələn, Realme V3) olan "5G" dəstəkli ucuz smartfonlar satışa çıxarılıb. Həmçinin avqustda Şençjen şəhəri ölkədə ilk dəfə mövcud "4G" şəbəkəsi üzərində qurulmayan tam avtonom "5G" şəbəkəsi ilə əhatə olunub.