Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2020 19:04
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Səhiyyə Nazirliyinin 2 saylı Kliniki Psixiatriya Xəstəxanasına əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçirilib.
Ombudsman Aparatından Sonxeber.net-a bildirilib ki, başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin qiymətləndirilməsi, habelə pasiyentlərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olub.
BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu və "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri əsasında keçirilən başçəkmə zamanı ümumi əraziyə, şöbələrə, palatalara baxış keçirilib.
Müəssisədə saxlanma şəraitinin yaxşılaşdırılmasına və palatalarda təmir işlərinin aparılmasına ehtiyac olduğu müşahidə edilib.
MPQ-nin həkim üzvü və psixoloqun da iştirak etdiyi başçəkmə çərçivəsində bir sıra pasiyentlərlə konfidensial söhbət aparılıb. Eyni zamanda, bəzi pasiyentlərin xəstəxanaya yerləşdirilməsi əsasları və müvafiq sənədləşdirmə araşdırılıb.
Başçəkmənin sonunda milli qanunvericilik və beynəlxalq standartlar, o cümlədən BMT-nin "Psixi xəstələrin müdafiəsi və psixiatriya yardımının yaxşılaşdırılması prinsipləri" əsasında müəssisənin rəhbərliyi ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, pasiyentlərin hüquqlarının təmininə diqqətin artırılması, bu sahədə fəaliyyətin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.