Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

3 nömrəli Uşaq İncəsənət Məktəbinin kollektivi və valideynlər yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər(VİDEO)

3 nömrəli Uşaq İncəsənət Məktəbinin kollektivi və valideynlər yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər(VİDEO)

Tarix: 25 Sentyabr 2020 21:51

Bakı. Ceyhun Ələkbərov - Trend:

Son illər Bakıda və regionlarda yararsız hala düşən xəstəxanalar, uşaq bağçaları və məktəblər yenilənir, hətta köhnə binalar sökülərək yerində yenisi tikilir.

Bu cür məktəblərdən biri də bu günlərdə açılışı olan Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbidir. Məktəb 1935-ci ildə musiqi cəmiyyətinin nəzdində yaradılıb, 1940-cı ildən 5 nömrəli Uşaq Musiqi Məktəbi kimi, 1988-ci ildən isə 3 nömrəli Uşaq İncəsənət Məktəbi kimi fəaliyyət göstərməyə başlayıb. Son vaxtlar musiqi məktəbinin ikimərtəbəli binası qəzalı vəziyyətdə olduğundan Heydər Əliyev Fondu tərəfindən yenisi ilə əvəzlənib.

Yeni bina 3 mərtəbədən, 25 sinif otağından, rəqs, rəsm otaqlarından, akt zalından, kitabxana, müəllimlər otağı və yeməkxanadan ibarətdir. Məktəbdə hazırda 17 ixtisas üzrə 493 şagird təhsil alır. Bu ixtisaslar üzrə 110 müəllim fəaliyyət göstərir. Uşaq İncəsənət Məktəbində rəqs və rəsm dərsləri qrup şəklində, digər ixtisaslar fərdi tədris olunur.

Burada görülən işlər, yaradılan yeni şərait məktəbin müəllim kollektivi, o cümlədən şagirdlərin valideynləri tərəfindən çox müsbət qarşılanıb.

Trend-in "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə açıqlamasında onlar yeni tikilən bina ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya öz təşəkkürlərini bildiriblər:

Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Elvina Əhmədova:

"Bu gün bizim üçün çox sevincli bir gündür. Mehriban xanımın şəxsən özünün açılışda iştirak etməsi şagird, müəllim və valideynlərə bayram sevinci yaşatdı. O, bizə öz arzu və diləklərini çatdırdı. Sinif otaqları, akt zalı, yeməkxana ilə yaxından tanış oldu və bizə öz məsləhətlərini bildirdi. Müəllim kollektivi, şagird və valideynlər adından öncə Mehriban xanıma, sonra da Heydər Əliyev Fonduna öz dərin minnətdarlığımızı bildiririk".

Xalq çalğı alətləri şöbəsinin müdiri Fariz Hüseynov:

"Sağ olsunlar ki, çox az bir müddətdə köhnə məktəbi söküb yerində yeni məktəb binası tikdilər, buna görə öz minnətdarlığımızı bildiririk. Biz də öz işimizlə dövlətimizə, cəmiyyətimizə savadlı şagirdlər və istedadlı musiqiçilər yetişdirəcəyik".

Valideyn Ruslan Həsənov:

"Mənim hər iki övladım bu məktəbin şagirdləridir - Məhəmməd və Əli. Biri kamança, digəri isə skripka ifaçısıdır. Əlbəttə, biz bu məktəbin keçmiş dönəmlərini xatırlayırıq, köhnə bina idi və artıq istifadəyə yararsız vəziyyətdə idi. Ancaq bu gün dövlətimiz sağ olsun ki, bizim üçün, övladlarımız üçün belə yüksək şərait yaradıb. Bir valideyn kimi, mən bu cür işıqlı, gözəl dərs otaqları, zalları görüb qürur duyuram. Mən dövlətimizlə fəxr edirəm, Heydər Əliyev Fonduna və şəxsən Mehriban xanıma minnətdaram".

Video layihənin digər bölümlərini buradan, həmçinin TREND İnformasiya Agentliyinin "Youtube" kanalından izləyə bilərsiniz.


Etiketlər:  nömrəli Uşaq İncəsənət Məktəbinin kollektivi valideynlər yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblərVİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ