Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pərvin Kərimzadə: Azərbaycan Ordusunun uğurlu əməliyyatları qələbə müjdəsindən xəbər verir

Pərvin Kərimzadə: Azərbaycan Ordusunun uğurlu əməliyyatları qələbə müjdəsindən xəbər verir

Tarix: 29 Sentyabr 2020 10:52

Bakı. Trend:

Azərbaycana qarşı yeni hücumlar edən işğalçı Ermənistan hökuməti, nəinki bölgədə, Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükə olduğunu bir daha göstərdi. İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan növbəti dəfə - sentyabrın 27-də səhər saatlarından Azərbaycana qarşı hücuma keçdi və yeni ərazilərimizi işğal etmək məqsədilə hərbi obyektləri və mülki əhalini hədəfə aldı.

Bunu Trend-ə Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, müzəffər Azərbaycan Ordusu məkirli düşmənin çoxsaylı təxribatlarına cavab olaraq, cəbhəboyu əks-həmləyə keçib. Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdurrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndləri, Murov zirvəsi, Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənərək, azad edilib. Azərbaycan Ordusu digər istiqamətlərdə uğurlu əks-hücum əməliyyatı həyata keçirir və düşmən böyük itkilər verərək geri çəkilir. Ordumuzun zəfər yürüşü davam edir.

Bir milyondan çox insanın hüquqlarını pozan, başqasının torpağına göz dikən işğalçı Ermənistanın saxta demokratiyası, hazırkı hakimiyyətin qurduğu diktatura rejimi öz əsl xislətini göstərməkdə davam edir.

İşğalçı Ermənistanın Azərbaycanın tarixi ərazilərini işğal etməsi, sonra isə həmin ərazilərdə erməni əsillilərin qeyri-qanuni məskunlaşdırılması, Azərbaycatın əzəli-əbədi torpaqlarında təxribat törətməsi, dinc sakinlərə atəş açmacı dünya ictimaiyyətinin gözü önündə baş verir. Təəssüflər olsun ki, bugünkü reallıqları əks etdirən faktları görməyən, daha doğrusu görmək istəməyən beynəlxalq təşkilatlar işğalçı Ermənistanın başına sığal çəkməklə məşğuldurlar. Faşist ideologiyasına xidmət edən işğalçı Ermənistanın terror əməlləri ilə bağlı beynəlxalq təşkilatlar əməli addımlar atmalı, dünya ictimaiyyəti ermənilərin insanlığa zidd əməllərini pisləməlidirlər.

Dəfələrlə dövlət sərhədimizi pozmağa çalışan ermənilərin qarşısı anında Azərbaycan Ordusu tərəfindən alınıb. Hər zaman ölkəmizin ərazi bütövlüyünü təmin etmək qüdrətinə malik olan Azərbaycan Ordusunun uğurlu əməliyyatları Paşinyan hakimiyyətinin revanş götürmək cəhdini puç edib.

Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü, zaman-zaman xalqımıza qarşı törətdiyi soyqırım və deportasiya faşizm siyasəti yürüdən ölkənin hakimiyyətdə olan şəxslərinin riyakar, ikiüzlü olmasını gizlətmək, hakimiyyətdə qalmaq üçün yeganə çıxış yolu olduğunu bir daha təsdiq etdi.

Dünya ictimaiyyəti görür ki, işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında çoxsaylı qətnamələrinə və çağırışlarını heçə sayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükədir.

Ölkə Prezidenti İlham Əliyev bir neçə gün əvvəl BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Ermənistanın təxribatlarını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Eyni zamanda, Prezident Ermənistanın məqsədinin yeni təxribatlar törətmək və işğal siyasətini genişləndirmək olması ilə bağlı beynəlxalq ictimaiyyəti xəbərdar etdi. İşğalçı Ermənistan hakimiyyətinin işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirdiyini, bir milyondan çox azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə saldığını, Xocalı soyqırımını törətdiyini, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirdiyini, işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv etdiyini diqqətə çatdıran ölkə Prezidenti İlham Əliyev BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət etdi. Həmçinin işğalçı Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığı beynəlxalq icimaiyyətə çatdırıldı. BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasın həyata keçirildiyi bir dövrdə işğalçı Ermənistan öz məkrli planından əl çəkmədi, təxribatlarını davam etdirdi.

Müstəqil Azərbaycan ərazi bütövlüyünü bərpa etmək, əzəli, əbədi torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək. Xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədən, məscidlərimizi, məzarlarımızı dağıdan, mədəni irsimizi öz adlarına çıxarmağa çalışan işğalçı Ermənistan hakimiyyətinin avantürist, məkrli planı baş tutmayacaq, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı bütün kənd və qəsəbələrimizi düşmən tapdağından azad edəcək. Dövlət-Xalq-Ordu birliyi sayəsində Azərbaycan bayrağı Şuşada dalğalanacaq.


Etiketlər:  Pərvin Kərimzadə Azərbaycan Ordusunun uğurlu əməliyyatları qələbə müjdəsindən xəbər verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ