Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Cenevrə görüşü Azərbaycan ordusunun qazandığı nailiyyətlərin diplomatik masada davamıdır''

''Cenevrə görüşü Azərbaycan ordusunun qazandığı nailiyyətlərin diplomatik masada davamıdır''

Tarix: 31 Oktyabr 2020 15:18

Cenevrə görüşü döyüş əməliyyatlarında Azərbaycan ordusunun qazandığı nailiyyətlərin diplomatik masada davamıdır.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, bu, Azərbaycan diplomatiyasının uğurudur: "Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Xarici İşlər naziri ilə görüşü başa çatdı. Hər şeydən əvvəl onu qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Cenevrədə keçirilən danışıqlar ciddi bir siyasi format deyil. Bu dəfə Ermənistan tam məğlub tərəf kimi danışıqlara qoşuldu.

Bundan əlavə, görüş bir neçə aspektdən mühüm məqamları özündə ehtiva edir. Belə ki, ilk olaraq tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki əhaliyə və ya qeyri-hərbi obyektlərə hücumlar etməyəcəkləri barədə öhdəlik götürdülər. Sentyabrın 27-dən bu günə kimi Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki şəxsləri və yaşayış məntəqələrimizi məqsədli şəkildə atəşə tuturdu. Azərbaycan isə heç bir halda mülki əhalini və ya qeyri-hərbi obyektləri hədəf almır, döyüşü yalnız döyüş meydanında aparırdı. İlk dəfə Ermənistan öhdəlik götürdü ki, mülki əhalini və qeyri-hərbi obyektləri hədəf almayacaq. Bu Ermənistana təzyiq göstərildiyindən xəbər verməklə bizim lehimizə olan məsələdir. Düşünürəm ki, bu döyüş əməliyyatlarında Azərbaycan ordusunun qazandığı nailiyyətlərin diplomatik masada davamıdır. Azərbaycan diplomatiyasının uğurudur".

Politoloq bildirib ki, ikinci bənd kimi tərəflər döyüş meydanında qalmış cəsədlərin mübadiləsində aktiv iştirak edəcək, BQXK-ya və PRCiO-ya müvafiq təhlükəsizlik təminatı verəcəklər:

"Humanitar tədbirlərdən bəhs etsek, Azərbaycanın indiyə qədər sərgilədiyi konstruktiv yanaşma məlumdur. Azərbaycan birtərəfli qaydada cəsədlər, ahıl erməni qadını da olmaqla Ermənistan tərəfinə təhvil verdi. Azərbaycan tərəfi olaraq biz bu təklifi çox öncədən irəli sürmüşdük. Hətta oktyabrın 29-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və BQXK-nın vasitəçiliyi ilə Dövlət Komissiyası 30 erməni hərbçisinin meyitini birtərəfli qaydada Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan tərəfinə təhvil verildi. Baş prokuror bildirdi ki, Ermənistan isə Azərbaycan hərbçilərinin meyitlərini toplamır və vermir. Bundan əlavə, Ermənistanın bizim əsirlər və meyitlərə qarşı təhqiramiz davranış göstərdiyi də üzə çıxır. Hətta elə hallar olub ki, əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib. Bu bəndin də qəbul olunması Ermənistana artıq təzyiq olunmasından xəbər verir.

Hesab edirəm ki, ümumilikdə Cenevrə görüşünün əsil mahiyyəti və əldə olunan nəticələr görüşdən sonra Paşinyanın Putindən təhlükəsizlik məsələlərində dərhal Ermənistana kömək etməsini xahiş etməsi məqamında aydın olur. Bu bir daha göstərir ki, Paşinyanın Cenevrə görüşündə də ümidləri qırıldı. Belə ki, erməni baş nazir Ermənistan üçün yaranan vəziyyəti və ortaya çıxan problemləri hərtərəfli Putinə təqdim edərək yardım növünü və miqdarını təyin etmək səbəbilə ondan imdad diləyir. Artıq Paşinyan özündən əvvəl cəmiyyətini məğlubiyyət psixologiyasına hazırlaşdırır. Çünki Ermənistanda nəinki hərbi vəziyyət iflic durumdadır, eyni zamanda cəmiyyətdə də Paşinyana qarşı etirazlar var. Bu kimi zənglərlə qaçılmaz məğlubiyyətində özünü sığortalamaq üçün Putinə zəng edir ki, sonda xalqa göstərsin ki, hətta bizi Putin belə xilas edə bilmədi. Bu məsuliyyəti tam olaraq öz üzərindən atmaq cəhdidir. Eyni zamanda Azərbaycan Ordusu Ermənistan ordusunu demək olar ki, məhv edib. Paşinyan Putinə zəng etməklə hərbi texnika baxımından dəstək üçün yalvarır".

Ş.Həsənova bildirib ki, ümumulikdə Cenevrə görüşünə dönsək Azərbaycan tərəfinin Cenevrə görüşünə münasibəti cənab Prezidentin bu kimi görüşlərlə bağlı fikrini və qətiyyətli mövqeyini bir daha ortaya qoydu: "Ölkə başçımız 28 il ərzində çox belə görüşlərin olduğunu deyərək birinin artıq, birinin əskik olub fərq etməyəcəyini bildirməsi idi. Əsas məsələ odur ki, bu kimi görüşlər münaqişənin həllini tezləşdirsin. Düşünürəm ki, bu görüş də bizim qəti mövqeyimizdə qəti olaraq dəyişiklik etməyəcək. İstiqamət Şuşadır!"


Etiketlər:  Cenevrə görüşü Azərbaycan ordusunun qazandığı nailiyyətlərin diplomatik masada davamıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ