Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çökmüş Ermənistanın müharibə cinayətləri, döyüşdən qaçan erməninin hiyləgərliyi

Çökmüş Ermənistanın müharibə cinayətləri, döyüşdən qaçan erməninin hiyləgərliyi

Tarix: 5 Noyabr 2020 09:48

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrində ruh düşkünlüyü gündən-günə artmaqdadır.

Azərbaycan Ordusunun döyüşlərdə irəliləməsi, sərrast atəşlə düşmənin dayaq məntqələrini dağıtması, işğal olunan ərazilərin ard-arda azad olunması ermənilərin canına əsl vahimə salıb. Artıq ermənilər döyüşə gəlmək, Azərbaycan əsgəri ilə vuruşmaq istəmir. Məlum məsələdir ki, Ermənistan vətəndaşları məğlubiyyətlərini çox gözəl dərk edir. Azərbaycan Silahlı Qüvvələrinin ən müasir silah və texnikalarla təchizi, işğal altındakı ərazilərdə ən strateji nöqtələrdə düşmən mövqelərinin darmadağın edilməsi Ermənistan tərəfdə güclü panika yaradıb.

Məcburi səfərbərliyin acı nəticəsi - 3000-ə qarşı 300 çağırışçı

Ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyanın erməni xalqına üz tutaraq yalvarması, döyüşmək üçün 3 min nəfər əsgərə ehtiyac olduğunu deməsi, ölkədə tam səfərbərlik elan etməsinin nəticələri artıq bu ölkədəki vəziyyəti tam aydınlatdı. Paşinyan tam səfərbərlik elan edərək 3 min əsgər istədiyi halda, Ermənistandan zorla evindən çıxarılaraq səfərbərliyə cəlb etməyə cəmi 300 nəfər tapıldı. Həmin şəxslər isə məcburən döyüşə gətirildi. Bu onu göstərir ki, artıq nəinki Dağlıq Qarabağdakı ermənilər arasında, heç Ermənistanın özündə də döyüşməyə yararlı insan qalmayıb. Ermənistan tərəfindən döyüşə muzdlular, yaşlı insanların cəlb edilməsinin əsas səbəbi də budur. Çünki artıq bu ölkədə döyüş qabiliyyətli nə kadr qalıb, nə də gənc əsgər. Çarəsi hər yerdən üzülən Paşinyan xarici ölkələrdən muzdlular gətirərək döyüşlərə cəlb edir. Bu muzdluların əksəriyyəti isə dünyanın terror təşkilatlarında, ekstremist qruplarında fəaliyyət göstərən terrorçulardır. Həmin şəxslər xaricdə yaşayan erməni diasporunun vəsaitlərinə susayaraq Dağlıq Qarabağa döyüşə gəlir və gələn kimi də Azərbaycan əsgərinin dəqiq atəşi ilə məhv edilir. Bununla da Azərbaycan həm işğalda olan ərazilərini, həm də regionu, dünyanı terrorçulardan təmizləyir.

Qadın və uşaqların döyüşə göndərilmə hiyləsi

Ən biabırçı fakt isə Ermənistanın artıq qadınlar və azyaşlıları döyüşə çağırmasıdır. Bu artıq Paşinyan hakimiyyətinin son çırpıntıları, ölkənin tam çökməsinə işarədir. Artıq ermənilər döyüşə yararlı kişi tapmadığından qadın və azyaşlıları orduya cəlb etməklə erməni xalqının kökünü kəsmək istəyir. İşğal etdiyi əraziləri sürətlə itirən Ermənistan siyasi rəhbərliyi bu addımı ilə ölkəni yer üzündən silməyə yönələn addımlar atır. Dünyada baş verən heç bir münaqişədə, çəkişmələrdə və müharibədə qadın və azyaşlılar, yaşlı nəsilin nümayəndələri müharibəyə cəlb edilməyib. Bütün amansız müharibələrdə tərəflər öz ərazilərindəki dinc sakinləri, qadın, uşaq və yaşlı insanları münaqişə zonasından çıxararaq onların təhlükəsizliyini təmin edib. Amma Ermənistan mülki şəxslərlə yanaşı qadın və azyaşlılarını dyüşə cəlb edir. Bu isə artıq Ermənistanın törətdiyi müharibə cinayətlərinin pik həddidir.

Ermənistanın qadın və uşaqları döyüşə cəlb etməsinin daha bir hiyləgər məqsədi də var. Bu prosesdə ikinci variant ermənilərin prosesdən həm də istifadə etməsidir. Azərbaycan Silahlı Qüvvələrinin dinc sakinlərə atəş açmadığını görən ermənilər özlərini sığortalamaq və dünya ictimaiyyətinə növbəti yalan məlumatlar yaymaq üçün plan hazırlayır. Plan isə bundan ibarətdir ki, onlar artıq qadınları, qocaları, azyaşlıları döyüş bölgəsinə cəlb edir, hərbi əməliyyatlar zamanı onların öldürülməsini istəyir. Hərbi əməliyyatlarda ölən azyaşlılar, qadın və yaşlıları sonradan dünyaya "dinc şəxslər" kimi sırımaq istəyir. Bu üsulla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını üçüncü tərəf kimi prosesə cəlb etmək, Azərbaycana qarşı təzyiqlər yaradaraq hərbi əməliyyatların dayandırılmasına nail olmağa çalışırlar. Azərbaycan Ordusu isə düşmənin bu təxribatlarına uymadan yalnız Azərbaycan ərazilərində hərbi əməliyyatlar keçirir, işğalda olan torpaqları azad edir.

Dinc sakinləri hədəf alan məğlub ordu iyrəncliyi

Müharibə tərəflər arasında yalnız hərbi qüvvələr arasında aparılıb, hədəf olaraq hərbi obyektlər seçilib. Amma 90-cı illərdən Azərbaycan ərazilərini işğala başlayan Ermənistan o dövrdən indiyə qədər hərbi obyektləri deyil, mülki şəxsləri, müharibə zonasından uzaqda yerləşən dinc sakinlər olan yaşayış məntəqələrini hədəf seçib. Bu isə onların hətta faşist ideologiyasına da sığmayan müharibə cinayətləri törətməsinə nümunədir. Torpaqlarımızı vəhşicəsinə işğal edən Ermənistan o vaxt Xocalı və digər ərazilərimizdə kütləvi soyqırımlar törədərək minlərlə azərbaycanlını xüsusi vandallıqla qətlə yetirdi. O vaxtdan beynəlxalq qurumların ermənilərin bu vəhşiliyinə göz yumması onları daha da azğınlaşdırdı. Bu il sentyabrın 27-də Ermənistan yenidən Azərbaycan ərazilərinə hücuma cəhd edərək yaşayış məntəqələrimizi hədəf seçdi. Nəticədə Azərbaycan Ordusunun əks-həmləsi ilə rastlaşdı və işğal etdiyi əraziləri itirməyə başladı. Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən Ermənistan Ordusu nəinki cəbhəyanı ərazilərə yaxın yaşayış məntəqələrini, hətta Gəncə, Bərdə, Yevlax, Mingəçevir və digər müharibə zonasından uzaq yaşayış məntəqələrimizə atəş açmağa başladı. Tarixən çirkin cinayətlərlə məşğul olan Ermənistan qadağan olunmuş raketlərlə yaşayış məntəqələrimizə hücum edir. Nəticədə mülki əhali arasında ölən və yaralananların sayı günbəgün artır.

Ermənistan bu cinayətlərinə görə əvvəlki illərdən fərqli olaraq cəzasız qalmayacaq. Faşist ideologiyası ilə törətdiyi cinayətlərə görə bu ölkə həm Azərbaycan, həm də beynəlxalq təşkilatlar qarşısında cavab verməli olacaq.

Samir Əli
Trend


Etiketlər:  Çökmüş Ermənistanın müharibə cinayətləri döyüşdən qaçan erməninin hiyləgərliyi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ