Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2019 15:20
Bakı. Trend:
Xan Sarayı ilə birgə Şəki şəhərinin tarixi hissəsinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi şəkililərlə yanaşı, bir paytaxt sakini kimi məni də çox fərəhləndirir. Çünki Şəki bizim də çox istədiyimiz, sevə-sevə getdiyimiz tarixi şəhərlərimizdən biridir.
Bunu Trend-ə açıqlamasında Bakı şəhər sakini, tərcüməçi Kəmalə Seyidova deyib.
Onun sözlərinə görə, Şəkiyə gedib XVIII əsrə aid Aşağı və Yuxarı Karvansarayı, M.F.Axundov muzeyini, “Gələrsən-Görərsən” qalasını, həmçinin “Alban kilsəsi”ni gəzib görməmək mümkün deyil: "Ona görə də düşünürəm ki, Şəkinin Xan Sarayı və tarixi mərkəzi öz layiqli yerini tutdu. Axı Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Bildiyimiz kimi, ilk xanlıq da məhz Şəkidə yaranıb. Xanlığın əsası 1743-cü ildə Hacı Çələbi xan tərəfindən qoyulub və 1806-cı ildə Çar Rusiyası onu işğal edənə qədər mövcud olub. Xanlıq dövründə Şəkinin tərəqqisi yüksək həddə çatmışdı. Bir sıra tarixi abidələr də məhz xanlıq dövründə inşa edilmişdi".
Paytaxt sakini əlavə edib ki, Xan Sarayı Azərbaycanın tarixi memarlıq incilərindəndir. Bu abidə 1763-cü ildə Hacı Çələbi xanın nəvəsi Hüseyn xan tərəfindən inşa edilib və öz unikal görünüşü ilə fərqlənir:
"Şəki tək tarixi abidələri ilə məşhur deyil, həm də tarixi şəxsiyyətlər yurdudur. Məşhur filosof, yazıçı və maarifçi Mirzə Fətəli Axundov, görkəmli yazıçı, dramaturq Sabit Rəhman, dünyaca tanınmış şairimiz Bəxtiyar Vahabzadə, yüksək yumor qabiliyyətinə malik aktyorumuz Lütfəli Abdullayev, Şərqdə ilk opera yazan xanım bəstəkarımız Şəfiqə Axundova, rejissor Rasim Ocaqov və adını çəkmədiyim bir sıra görkəmli şəxsiyyətlərimiz məhz Şəki torpağının yetirmələridir.
Şəki Böyük İpək Yolu marşrutu üzərində yerləşdiyindən burada ipək istehsalı əsas sahələrdən biri olub. 26 noyabr 2014-cü ildə UNESKO-nun Parisdə keçirilən Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclası çərçivəsində Azərbaycan qadınlarının ipək hicabı - kəlağayı UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi".
K.Seyidova bildirir ki, Şəki həm də turistlərin sevdiyi bir məkandır:
"Bu gün Xan Yaylağı, Marxal, Soyuqbulaq istirahət zonaları, Mustafabəyin bağı və başqa adlarla tanınan istirahət mərkəzləri yüksək turist axınına malikdir. Şəki həm də özünəxas mətbəxi ilə digər regionlardan fərqlənir. Belə ki, Şəki halvası, Şəki pitisi bütün dünyada məşhurdur. Arzu edirik ki, Şəkinin məşhur pitisi və halvası da UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilsin".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin