Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2020 17:30
Ukraynanın Xarkov vilayətində fəaliyyət göstərən azərbaycanlı icması ölkəmizin işğaldan azad olunmuş ərazilərində ermənilərin törətdikləri ekoloji vandalizmə etiraz əlaməti olaraq beynəlxalq təşkilatlara müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, "Dostluq" Ukrayna-Azərbaycan Cəmiyyətinin sədri Murad Ömərovun imzası ilə BMT, ATƏT və YUNESKO-nun Ukraynadakı nümayəndəliklərinə, eləcə də Rusiyanın Prezident Administrasiyasına, bu ölkənin Ukraynadakı səfirliyinə ünvanlanan müraciətlərdə bildirilib ki, Azərbaycan diasporu Dağlıq Qarabağ ərazisində sülhün bərqərar olması naminə Azərbaycan, Türkiyə və Rusiya Prezidentlərinin göstərdikləri səyləri yüksək qiymətləndirir. Bununla belə, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Ağdam və Kəlbəcər rayonlarının işğaldan azad olunması zamanı bütün dünya Azərbaycanın tarixi, mədəni abidələrinə, məscidlərinə qarşı ermənilər tərəfindən vandalizm aktları törədilməsinin, flora və faunanın qəsdən və planlı şəkildə məhv edilməsinin şahidi olub.
Müraciətdə işğalçı Ermənistanın Şuşa şəhərinin ətrafındakı Topxana meşəsini qadağan edilmiş ağ fosforun tətbiqi ilə yandırdığı, işğal edilmiş ərazilərdə qeyri-qanuni arxeoloji qazıntılar apardığı, aşkarlanmış artefaktların beynəlxalq hüquqa zidd olaraq Azərbaycan ərazisindən çıxarmağa cəhd etdiyi nəzərə çatdırılıb.
Baş verənləri çiddi ekoloji çinayətlər adlandıran soydaşlarımız beynəlxalq təşkilatları və Rusiya hökumətini Ermənistanın insanlıq əleyhinə yönəlmiş barbar addımlarının qarşısını almağa çağırıb.