Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2020 15:39
Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Firdovsi Umudov "Real TV"nin qonağı olub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Umudov Qarabağın azad olunması uğrunda gedən Vətən müharibəsindən və qazandığımız böyük zəfərdən danışıb. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Dövlət Sərhəd Xidmətinin bu müharibədəki xüsusi rolundan və DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında əsgərlərimizin təlimlərindən söz açıb. Umudov bildirib ki, təlimlərdə o da birbaşa iştirak edib:
"Əvvəlcə, başda Ali Baş Komandamız olmaqla Azərbaycan xalqını təbrik edirəm. Bu qələbədə bizim birliyimiz xüsusi rol oynadı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Müzəffər Azərbaycan Ordusunun və xalqının birlikdə gücü qələbənin qazanılmasında rolu oynadı. Bir idmançı kimi, bir zabit kimi biz də bu yolda əlimizdən gələni etməyə hazır idik və etdik. Bizim sərhədçi idmançılarımızla birlikdə müraciətimiz və çıxışımız oldu. Aparıcı idmançılarımız və biz hamımız Ali Baş Komandanın ətrafında hər zaman sıx birləşirik. Bu döyüşlərdə də birliyimizi göstərməli idik. Müharibə başlayandan biz də hərbçi kimi müraciət etdik və təlimlərə qatıldıq. DSX-nin rəisi Elçin Quliyevin rəhbərliyi altında təlimlərdə iştirak elədik. Mən orada bir çox şeyə şahid oldum. Gördüm ki, bizim çox təcrübəli, savadlı zabitlərimiz var və onlar əsgərləri yüksək səviyyədə hazırlayırlar. Onlar deyirdi ki, siz öldürmək barədə düşünməlisiz, ölmək barədə yox. Siz bayrağımızı ucaltmaq haqqında düşünməlisiniz. Oradakı hər kəs döyüşə atılmağa hazır idi. Özümü xoşbəxt hiss edirəm ki, idmançı kimi, zabit kimi o təlimlərdə oldum, vətənə xidmət eləməyə çalışdım".
Firdovsi Umudov erməni vəhşiliyindən söz açıb:
"Həqiqətən, Ali Baş Komandanın qeyd etdiyi kimi ermənilər hər yerdə vəhşiliklər törədiblər. Füzulidə, Zəngilanda, Cəbrayılda və digər ərazilərdə olanda gördüm ki, ermənilər necə dağıntılar ediblər. Sanki ərazilərə atom bombası atıblar. Bunu bütün dünya görməlidir, bilməlidir. Üzərimdə gəzdirdiyim bayraq hər zaman mənim üzərimdədir. Prezident İlham Əliyev hər zaman bizimlə görüşü zamanı bildirirdi ki, "siz vətəni sevməlisiniz, bayrağı ucaltmalısınız, himnimizi səsləndirməlisiniz". Hər zaman da deyirdik ki, Qarabağda bayrağımızı dalğalandıraq. Çox insan buna inanmırdı. Lakin həmin insanlara, hər kəsə bu inamı qaytaran Ali Baş Komandanımızdır. Necə ki, Prezident yarışlarda, beynəlxalq oyunlarda ailəsi ilə gəlib biz dəstək verəndə ruh yüksəkliyi yaranırdı, bu gün də əsgərlərimiz bunu gördü. Orduda inam və yüksəliş var idi.
Əsgər qardaşlarımız yaralansa da, sonuna qədər mübarizə aparıblar, döyüş yerini tərk etməyiblər. Bir sərhədçi və əsgər kimi mən bunu özümə borc bildim.
Beynəlxalq arenalarda, Dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında dalğalanan bayraq işğaldan azad olunan torpaqlarımızda dalğalansın. İllərlə biz bunu arzu etmişik. İndi bu artıq reallaşıb. Cənab Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva işğaldan azad olunmuş torpaqlarımıza ayaq basdı. Cənab Prezident üçrəngli bayrağımızı həmin torpaqlarda sancdı.
Ümummilli liderimiz Heydər Əliyev hər zaman bildirib ki, f taleyüklü məsələləri özüm qədər inandığım İlham Əliyev axıra çatdıracaq. Bu gün Ulu öndərimizin də, şəhidlərimizin də ruhu şaddır. Şəhidlərimizin qanı yerdə qalmadı. Bu gün Azərbaycan Ordusu, Azərbaycanın müzəffər Ali Baş Komandanı öz sözünü dedi və qələbə sevincini xalqımıza, bütün dünya azərbaycanlılarına çatdırdı"