Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 11:10
Vətən Müharibəsinin şəhidi, 30 sentyabr tarixində cəbhənin Füzuli rayonu istiqamətində həlak olmuş Fərid Hacıyevin atası Təşkilat Hacıyev koronavirusa yoluxub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə şəhidin anası Zəminə Quliyeva məlumat verib. O qeyd edib ki, həyat yoldaşı hazırda Zığda yerləşən modul tipli xəstəxanada müalicə alır: "Onun vəziyyəti orta ağır qiymətləndirilir, süni nəfəs aparatına qoşulub. Biz onun tezliklə sağalmasını istəyirik. Həyat yoldaşım oğlumuzun şəhid olmasını xəbərini eşitdikdən sonra infarkt keçirdi. Xəstəxanada müalicə alan zaman da koronavirusa yoluxdu.
"Noyabrın 21-də xəstəxanaya yerləşdirdik, noyabrın 27-də isə ürək əməliyyatı olundu. Bir həftə xəstəxanada qalandan sonra evə buraxdılar. İki gün evdə qaldı, vəziyyəti pisləşdi, yenidən xəstəxanaya qaytardıq. Dedilər ağ ciyərlərinə su yığılıb. Aparıb analiz elədik, məlum oldu ki, elə əməliyyat olunan ərəfədə koronavirusa yoluxub və müalicəsi gecikdiyinə görə vəziyyəti ağırlaşıb. Hazırda Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirmişik, 8 gündür ki, orada müalicə alır. Oğlum şəhid olmazdan qabaq 3 azyaşlı övladını atasına əmanət edib. Biz onun tezliklə sağalıb ayağa durması üçün kömək istəyirik. Ötən gün Heydər Əliyev Fondunun nümayəndəsi bizimlə əlaqə saxladı, kömək edəcəyini bildirdi".
Z. Quliyeva həmçinin bildirib ki, onun digər oğlu Samid Hacıyev də hazırda cəbhədədir, xidmətini davam etdirir.