Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 19:42
18 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikası və Pakistan İslam Respublikasının Xarici İşlər Nazirlikləri (XİN) arasında videokonfrans formatında ikinci siyasi məsləhətləşmələr keçirilib.
XİN-dən Sonxeber.net-a bildirilib ki, Azərbaycan Respublikasının xarici İşlər Nazirinin müavini Ramiz Həsənov və Pakistan xarici işlər katibi Soheyl Mahmudun iştirak etdiyi siyasi məsləhətləşmələrdə iki və çoxtərəfli münasibətlərə aid məsələlər müzakirə mövzusu olub.
Azərbaycan xarici işlər nazirinin müavini 27 sentyabr tarixində başladılan təxribat və ona cavab olaraq Azərbaycanın əks hücum əməliyyatları və 44 gün davam edən Vətən Müharibəsi barədə qarşı tərəfə məlumat verib. Öz növbəsində Soheyl Mahmud Azərbaycanın müharibədə qələbəsi münasibəti ilə təbriklərini çatdırıb, Pakistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini bir daha qeyd edib.
Görüşdə tərəflər Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti, gündəlikdə duran məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdşalıq, gələcək əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb, bir sıra təkliflər irəli sürüblər.
Tərəflər həmçinin iki ölkə arasında yüksək siyasi dialoqun davam etdirilməsinin vacibliyini, iqtisadi və ticarət sahəsində mövcud vəziyyətin daha da inkişaf etdirilməsinin, hüquq müqavilə bazasının möhkəmləndirilməsi istiqamətində işin aparılmasının vacibliyini qeyd ediblər.
Görüşdə xalqlarımız arasında əlaqələrinin gücləndirilməsi, turizm potensialının artırılması, təhsil, mədəniyyət, humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi vacibliyi bildirilib.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir müvadiləsi aparıblar.