Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 22:48
Vətənimizin işğal altında olan torpaqlarını düşmən tapdağından azad edərkən şəhid olan qəhrəmanlarımızdan biri də qusarlı Elvin Qurbanovdur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Elvin Qurbanov 1999-cu ildə Qusar rayonunun Balaqusar kəndində doğulub. Orta təhsilini rayonda yerləşən internat məktəbində alıb. Daha sonra kollecdə aşpazlıq ixtisası üzrə peşə təhsilinə yiyələnib. Hərbi xidmətini başa vurduqdan sonra Qusardakı restoranların birində aşpazlıq etməyə başlayıb. Xoş və mehriban xasiyyətinə görə hamı tərəfindən sevilən Elvin Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb.
"Elvin sentyabrın 21-dən təlimlərə cəlb olundu. Müharibə başlayanda isə ön cəbhəyə yollandı. Oktyabrın 14-ü qəhrəmancasına döyüşərək şəhid olub. Sonuncu dəfə danışanda dedi ki, ana, heç nədən narahat olma, özünə yaxşı bax. Hərbi xidmət dövründə də ön cəbhədə səngərdə xidmət edib. Mən oğlumla fəxr edirəm. Mənə şəhid anası adını qoyub getdi. O adla mən çox qürur duyuram", - deyə şəhidin anası Nabat Əlisoltanova söyləyib.
Elvin Cəbrayıl və Füzulinin yaşayış məntəqələrinin azad olunmasında fəal iştirak edib. Füzuli şəhəri uğrunda gedən şiddətli döyüşdə artilleriya mərmisinin yaxınlığında partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Babası İsaməddin və nənəsi Nübarxanım nəvələrinin Vətən, torpaq yolunda şəhid olması ilə qürur duyduqlarını bildiriblər.
"Bir il dörd ay idi əsgərlikdən gəlmişdi. Sentyabrda hərbi komissarlıqdan çağırış gəldi. Təlimlərdən sonra müharibəyə yollandı. Telefonla danışırdıq. Hərdən də zəng çatmırdı. Ona zəng çatmayanda Elvini anasından soruşurdum. Özü ilə danışanda deyirdi ki, arxayın ol nənə, biz yaxşıyıq. Sonra beş gün danışa bilmədik. Məlum oldu ki, Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən Prezidentimizə minnətdaram ki, öz ata nəsihətini yerinə yetirib torpaqlarımızı işğaldan azad etdi", - deyə şəhidin nənəsi vurğulayıb.
Həyat yoldaşı Birinci Qarabağ müharibəsində şəhid olan Sevdaxanım Sultanova Elvinin anasını təsəlli edən ən yaxın rəfiqələrindəndir: "Biz bir ailə kimiyik. Mən Elvinə doğma xalası qədər yaxınam. Bizim şəhidlərimizin hamısı Vətən yolunda canlarından keçib. Elvin gəncliyini, həyatını yaşamadı, amma Vətən borcunu yerinə yetirdi. Onlar bizə qələbə sevincini yaşatdılar".
Elvin Qurbanov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qəhrəmanlıqla döyüşdüyünə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.