Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanla Pakistan arasında ticarət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Pakistan arasında ticarət sahəsində əməkdaşlıq müzakirə edilib

Tarix: 25 Dekabr 2020 16:36

Bakı. Trend:

Azərbaycanla Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun videokonfrans formatında üçüncü iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, iclasda hər iki ölkənin səfirləri, aidiyyəti qurumların nümayəndələri, o cümlədən Azərbaycanın Xarici İşlər və Səhiyyə nazirliklərinin, Dövlət Neft Şirkətinin və Qida Təhlükəsizliyi Agentliyinin təmsilçiləri iştirak edib.

İqtisadiyyat nazirinin müavini, Birgə İşçi Qrupunun həmsədri Rövşən Nəcəf Azərbaycan və Pakistan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Nazir müavini təcavüzkar Ermənistan silahlı birləşmələrinin sentyabrın 27-dən başlayan növbəti hərbi təxribatları barədə məlumat verib, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun böyük qələbə qazandığını vurğulayıb. Bildirilib ki, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı Pakistanın birmənalı və qəti mövqeyi, hər zaman Azərbaycana dəstək olması və həmrəylik nümayiş etdirməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Qeyd edilib ki, işğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi regional və beynəlxalq əməkdaşlığı daha da gücləndirəcək, Qarabağ regionuna investisiya qoyuluşu imkanlarını daha da artıracaq.

Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin genişləndiyini vurğulayan nazir müavini ölkəmizdə 2085 Pakistan şirkətinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb, dost və qardaş Pakistan iş adamlarını Azərbaycan sənaye parklarında yaradılmış əlverişli imkanlardan yararlanmağa, kənd təsərrüfatı, yüngül sənaye, əczaçılıq, turizm və s. sahələrə investisiya yatırmağa dəvət edib.

İclasda Azərbaycan iqtisadiyyatı, koronavirus pandemiyası ilə mübarizə tədbirləri barədə məlumat verilib, ölkəmizin nəqliyyat-tranzit imkanları, ixrac potensialı vurğulanıb.

Pakistanın Ticarət katibi, Birgə İşçi Qrupunun həmsədri Məhəmməd Sualeh Faruqi qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini bildirib, tərəfdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb.

Iclasda əməkdaşlıq istiqamətləri üzrə bir sıra təkliflər irəli sürülüb, qarşılıqlı investisiya qoyuluşlarının intensivləşdirilməsi və ticarət dövriyyəsi həcminin artırılması üçün virtual biznes forumların keçirilməsi, hər iki ölkədə keçiriləcək işgüzar tədbirlərdə iştirak, investisiyanın təşviqi qurumlarının rəhbərliyi ilə investisiya əməkdaşlığı üzrə işçi qrupunun yaradılması, Pakistanda “Azərbaycan Ticarət Evi”nin açılması imkanlarının araşdırılması, qida təhlükəsizliyi və ticarət sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsi, tekstil, əczaçılıq və enerji sektorunda sərmayələrin yatırılması, habelə kiçik və orta biznes dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib.


Etiketlər:  Azərbaycanla Pakistan arasında ticarət sahəsində əməkdaşlıq müzakirə edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ